“NTV+”un şərhçisi: “Qəbələ” sensasiya edə bilər”

“Qəbələ”nin Avropa Liqasının qrup mərhələsində çıxışına Rusiyada da böyük maraq var. Azı ona görə ki, “qırmızı-qaralar” qonşu ölkə təmsilçisi “Krasnodar”la eyni qrupda mübarizə aparır.

Allsport.az xəbər verir ki, “Qəbələ” İK qəzeti bu vacib oyun ərəfəsində Rusiyanın məşhur “NTV+” telekanalının azərbaycanlı şərhçisi Elvin Kərimovun fikirlərini öyrənməyi məqsədəuyğun sayıb. Onları bu istedadlı yerlimizlə müsahibəyə sövq edən səbəblərdən biri də, onun Rusiya Premyer Liqası, Avropa Liqası oyunları ilə yanaşı, Almaniya Bundesliqası üzrə də ixtisaslaşmasıdır. Avropanın ən aparıcı çempionatları ilə yanaşı, Çempionlar Liqası və Avropa Liqasının oyunlarını yayımlayan bu telekanalda artıq 4 ildir çalışan gənc həmkarımız “Qəbələ”nin qrupdakı rəqiblərini çox yaxşı tanıyır.

– Öncə “Qəbələ”nin yer aldığı qrupla bağlı fikirlərinizi bilmək istərdik.
– Qeyd edim ki, ilk dəfə qrup mərhələsində oynayan “Qəbələ”, hər şeydən öncə, təcrübə toplamaq və güclü çempionatların təmsilçiləri ilə oyunlarda öz gücünü yoxlamaq imkanı əldə edib. Komandaların hər birinin növbəti mərhələyə çıxmaq şansı var. Ancaq zənnimcə, Dortmund “Borussiya”sının 1/16 finala çıxmaq şansı daha çoxdur. “Qəbələ” rəqiblərindən biri üzərində qələbə qazanmaqla sensasiya edə bilər. Əlbəttə, şəxsi fikrimdir, məncə, bundan artığına ümid etmək hələ tezdir. Ancaq daha böyük uğura nail olarsa, “Qəbələ” futbolçuları əsl qəhrəman olacaqlar!

– “Qəbələ”nin Avropa Liqasında çıxışını necə dəyərləndirirsiz? Rusiya futbol ictimaiyyətində, çalışdığınız “NTV+” telekanalında komandamız haqda hansı fikirdədirlər?
– Biz hələ ki, “Qəbələ”nin Avropa Liqasında oyunlarını, təsnifat mərhələsi matçlarını canlı yayımlamamışıq. Komandanın Krasnodardakı matçı, bu baxımdan, ilk olacaq. “Qəbələ” haqqında fikir də bu oyundan sonra formalaşacaq. Qəbələ təmsilçisinin “Panatinaikos”u keçməsi və qrup mərhələsinə çıxması, şübhəsiz, sensasiyadır. Doğrudur, Yunanıstan futbolu – bu, klublara, həm də yığmaya aiddir – ciddi böhran keçirir. Ancaq avrokuboklarda mütəmadi çıxış edən belə “qocaman döyüşçü”nü yenməyi yalnız yetkin və qarşıya qoyduğu vəzifəni yerinə yetirməyə hazır olan komanda bacarar. Deyərdim ki, bu uğurla “Qəbələ” bütün Azərbaycan fuboluna verilən qiyməti yüksəltdi. Və bizim hamımıza bir daha ayan oldu ki, “Qarabağ”ın uğurları əbəs yerə deyilmiş. Bu klubların uğurları Azərbaycan Premyer Liqasının digər iştirakçıları üçün böyük örnəkdir. İşə ağıllı və vicdanlı yanaşma sayəsində Avropa Liqasının əsas mərhələsinə yüksəlmək, inanılmazı gerçəkliyə çevirmək mümkündür. Əsas odur ki, tutduğun yoldan dönməyəsən və məqsədə doğru yorulmadan irəliləyəsən.

– PAOK-la matçdan sonra “Qəbələ” qrupda nəyə ümid edə bilər?
– Təəssüf ki, mən PAOK-la oyunun yalnız icmalı ilə tanışam. Çünki həmin vaxt Avropa Liqasının digər matçında çalışırdım. Gördüklərimdən bu qənaətə gəldim ki, Roman Qriqorçukun komandası qələbəyə daha yaxın olub. Bu amil “Qəbələ”nin gələcək oyunlarda uğurlu nəticələr qazanacağı barədə nikbin düşünməyə əsas verir.

– Siz Almaniya Bundesliqasının oyunlarını şərh etdiyinizdən Dortmund “Borussiya”sının da oyun tərzinə, imkanlarına yaxşı bələdsiz. Oyun baxımından “Krasnodar” və “Borussiya”nı necə xarakterizə edərdiz?
– “Krasnodar”la “Borussiya”nı hücum futboluna sevgi birləşdirir. Hər iki komanda kombinasiyalı oyun qurur və bunu yüksək sürətlə edir. Hər iki kollektivdə texnikalı və yüksək səviyyəli usta futbolçular oynayır. Bir sözlə, Dortmund klubu bütün turnirdə qələbəyə əsas namizəddir. Almanlar hətta qısa müddət topsuz qaldıqda belə təhlükəlidirlər. “Borussiya” güclü pressinq nəticəsində topu ələ keçirməklə əks-hücumlarda çox təhlükəli olmağı bacarır.

– Növbəti rəqib olan “Krasnodar”ın güclü və zəif tərəfləri hansılardır? Komandamız həmin səfər matçında, sizcə, nələrə xüsusi diqqət yetirməlidir?
– “Krasnodar” bu mövsüm ötən ildəki kimi parlaq oyun göstərmir. Oleq Kononovun komandası Rusiya Premyer Liqasında, “Zenit” və “Dinamo” ilə matçlarda çox yaxşı təsir bağışlasa da, özünəməxsus hücum üslubundan heç də həmişə faydalana bilmir. Belə rəqiblə matçlarda 1 saniyə olsun belə sayıqlığı itirməməli, fərdi mübarizələrdə bütün gücünü ortaya qoymalısan. Rəqibin daimi təzyiqinə hazır olmalı, hücuma keçən zaman topla “əylənməməlisən”. Əks-hücumlar zamanı topla tez və effektiv davranmaq “Krasnodar”ın əsas üstünlüklərindəndir. “Qəbələ”nin Krasnodardakı matçda qələbə şansı futbolçuların səbrli və soyuqqanlı oyunundan çox asılı olacaq. Futbolçularınız qol imkanlarından maksimum faydalanmalıdırlar. Əsas məsələ intizamlı və təşkilatlanmış müdafiə olunmaq, meydan sahiblərinə boş zonalar verməməkdir. Bu oyunda heç-heçə nəticə, məncə, Azərbaycan təmsilçisi üçün yaxşı nəticə olacaq.

– Qrupun favoriti “Borussiya”dır. Bəs ikinci yer uğrunda mübarizədə hansı komandanın şansı daha çoxdur?
– Düşünürəm ki, qrupda ikinci yer uğrunda mübarizə PAOK-la “Krasnodar” arasında gedəcək. Fikrimcə, bu mübarizədə favorit “Krasnodar”dır. Komanda yaxşı komplektləşib və motivasiya olunub. Ancaq PAOK elə-belə təslim olmayacaq. İqor Tudorun komandası həm çempionatda, həm də Avropa Liqasında uğursuz start götürsə də, daha çox şeyə qadirdir. PAOK təsnifat mərhələsindəki 3 matçda 3 qələbəni, ümumilikdə, 12:0 hesabıyla qazanıb. Özü də “sonuncu qurban” heyətində Yohan Elmander və Danni Agger kimi tanınmış futbolçular olan Danimarka “Brondbü”sü olub – 5:0. PAOK “Borussiya” ilə ev oyununda xal götürsə, təəccüblənmərəm. Salonikidəki stadionda atmosfer hətta ən təcrübəli rəqibin motivasiyasını poza bilər. “Qəbələ”yə gəlincə, bu komandanın üstünlüyü üzərində nəticəyə görə məsuliyyət yükünün rəqiblərinə nisbətən, az olmasındadır. Avrokuboklar mövsümündə vəzifə artıq yerinə yetirilib. Qalır Avropada özünü göstərmək, ən əsası, öz futbolunu oynamaqdan çəkinməmək. “Qəbələ”yə uğurlar arzulayıram. Uğur cəsurları sevir!

Həmin kateqoriyadan