Olimpiya çempionumuz Yunanıstanın prezident kubokunda 2-ci pilləyə çıxıb

Afinada “DTF Prezident Kuboku”na yekun vurulub. Allsport.az saytı xəbər verir ki, yarışın son iki günü taekvondo komandamız hesabına 1 qızıl, 2 gümüş və 1 bürünc medal əlavə edib.

Yeniyetmələrdə 41 kq-da Ofeliya Allahverdiyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ustalardan ibarət millimizin üzvü Qaşım Məhəmmədov (54 kq) və Radik İsaev (+87 kq) yalnız finalda uduzublar. Sina Bəhrami (68 kq) 3-cü yer tutub.

Beləliklə, 51 ölkədən 2182 taekvondoçunun iştirak etdiyi və sayca ikinci olan G2 kateqoriyalı “DTF Prezident Kuboku” yarışında millimizin idmançıları uğurlu çıxış edərək 2 qızıl, 2 gümüş və 4 bürünc, ümumilikdə 8 medala sahib olublar. Turnirdə mükafatçılar sırasında yer alacaq idmançılar il ərzində keçirilməsi nəzərdə tutulan Avropa birinciliyi və çempionatına öz çəkilərində əlavə lisenziya əldə etmiş olurlar.

ATF-in vitse-prezidenti Niyaməddin Paşayev və eləcə də, baş məşqçilər Rza Mehmandost, Elnur Amanov, Məmməd Abdullayev, Səbuhi Zülhüqarov, böyük məşqçilər Rəşad Əhmədov və Zahid Məmmədovun rəhbərliyi ilə turnirə yollanan millimiz 2 may tarixində Vətənə dönəcək.

Həmin kateqoriyadan