- Baxış sayı: 48
- 21 Aprel 2026 14:32
- Baxış sayı: 131
- Aprel 27, 2026
- 0

Ümummilli lider Heydər Əliyevin 103-cü ildönümünə avarçəkmə və kanoe üzrə “Prezident kuboku 2026” beynəlxalq reqatasının ilk günü Sərsəng su anbarında baş tutub. Allsport.az saytı xəbər verir ki, tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb, ardından şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılışda çıxış edən gənclər və idman naziri Fərid Qayıbov işğaldan azad olunmuş ərazilərimizdə beynəlxalq avarçəkmə yarışlarının keçirilməsinin qürurverici olduğunu bildirib. Nazir deyib ki, ilk dəfə Sərsəngdə keçirilən beynəlxalq reqata Qarabağda idman ruhunun yenidən canlanmasına töhfə verir. Ardıcıl 5-ci ildir bu yarışların Qarabağda keçirildiyini vurğulayan Fərid Qayıbov iştirakçılara uğurlar arzulayıb.
Ardınca akademik, kayak, kanoe, draqon və yelkən qayıqlarında idmançıların su paradı təşkil olunub. 20-yə yaxın iştirakçı ölkənin bayraqlarını daşıyan skuterlər Sərsəng su anbarında dövrə vurublar. Azərbaycan Respublikasının bayrağı Sərsəng su anbarının səmasında helikopter vasitəsilə dalğalandırılıb.Tədbir bədii hissə ilə davam edib. Xalq çalğı alətlərində folklor musiqi nümunələri ifa olunub, milli rəqslər nümayiş etdirilib.
“Prezident kuboku”nun rəsmi açılışı və keçidi aprelin 28-də Mingəçevir şəhərində baş tutacaq. Beynəlxalq reqata aprelin 29-da Suqovuşanda davam edəcək. 30 aprel-1 mayda Mingəçevir “Kür” olimpiya tədris-idman mərkəzində final yürüşləri keçiriləcək və qaliblər müəyyənləşəcək. Yarışda 20-dək ölkədən 100-dən çox idmançı iştirak edir.