“Prezident kuboku”nun proqramı: beynəlxalq reqata Füzulidə, Suqovuşanda və Mingəçevirdə

28 aprel – 2 mayda gənclər və idman nazirliyi (GİN) ilə Azərbaycan kanoe və avarçəkmə federasiyasının (AKAF) birgə təşkilatçılığı əsasında ümumilli lider Heydər Əliyevin 102-ci ildönümünə “Prezident kuboku-2025” beynəlxalq reqatası keçiriləcək.

Allsport.az xəbər verir ki, yarışlarda Avropa, Asiya və Afrikadan 200-dən çox idmançı, 20-dən artıq ölkə – Azərbaycan, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistan iştirak edəcək.

Aprelin 28-də tədbir çərçivəsində Qarabağda – Füzulidə yerləşən Köndələnçay su anbarında avarçəkənlərin nümunəvi çıxışları olacaq. Həmçinin oraya köç edən sakinlərə həvəskarlar üçün nəzərdə tutulan qayıqlarda peşəkar məşqçilərin nəzarəti ilə avar çəkmək imkanı yaradılacaq. Uşaq və yeniyetmələr üçün həvəsləndirici viktorinalar təşkil ediləcək.

Reqatanın rəsmi paradı və komandaların təqdimatı aprelin 29-da Mingəçevir şəhəri Heydər Əliyev prospektində keçiriləcək. 30 aprel tarixində Qarabağın daha bir dilbər guşəsi olan Suqovuşanda “Prezident kuboku”nun rəsmi açılışı və 200 metr məsafədə yarışlar baş tutacaq. Reqata 1-2 mayda Mingəçevir “Kür” olimpiya tədris-idman mərkəzində davam edəcək. Burada komandalar avarçəkmənin kayak, kanoe və akademik növündə müxtəlif məsafələrdə mübarizə aparacaqlar.

Mayın 2-də Mingəçevirdə “Kür” olimpiya tədris-idman mərkəzinin qarşısında beynəlxalq reqatanın bağlanışı olacaq. Mərasimdən əvvəl qaliblər mükafatlandırılacaq. Kayak-kanoe və akademik avarçəkmə üzrə kuboklar sahiblərinə quvuşacaq. Sonra bağlanış bədii hissə ilə davam edəcək.

“Prezident kuboku” reqatası ardıcıl 3-cü ildir Avropa kanoe assosiasiyasının (ECA) rəsmi təqvim planına daxil edilib.

Həmin kateqoriyadan