“Qəbələ” yenə tarix yazdı: avrokuboklarda ilk səfər heç-heçəsi

“Qəbələ” UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində ilk oyununu keçirib. Allsport.az xəbər verir ki, Gürcüstan “Dinamo”su (Tiflis) və Serbiya “Çukariçki”sini mübarizədən kənarlaşdıran “qırmızı-qaralar”ın ilk oyunu əvvəlki mərhələlərdə olduğu kimi yenə səfərdə baş tutub.

Komandamız Kiprdə “Apollon”la görüşüb. Roman Qriqorçuk ötən həftə Serbiya təmsilçisi ilə Bakıdakı oyunda meydana buraxdığı start “11-liy”ini dəyişməyib. İlk dəqiqələrdən meydana çıxan Aleksey Qay 60-cı, Rəşad Sadiqov isə 50-ci avrokubok qarşılaşmasında forma geyinib.

Oyuna maydan sahibləri çox fəal başlayıb. Ardıcıl hücumlar təşkil edən kiprlilər ilk dəqiqələrdə bir neçə künc zərbəsi əldə edib. “Apollon”un start təzyiqinin qarşısını alan “Qəbələ”nin ilk qol epizodu 10-cu dəqiqədə yaranıb. Cərimə meydanına daxil olan Aleksey Antonovun güclü zərbəsini qolkiper dəf edib. Ardınca Rikardinyonun sol cinahdan ötürməsini Samir Zərgərov tamamlayıb. Lakin yenə inamlı oynayan rəqib qapıçı topu küncə çıxarıb. “Apollon”un əks-həmləsi təhlükəli alınsa da bir müdafiəçiyə qarşı qalan iki kiprli topla düzgün rəftar edə bilməyib. 14-cü dəqiqədə isə meydan sahibləri hesabı açıb. Künc zərbəsindən sonra Dmitri Bezotosnının uzaqlaşdırdığı top Papulis Fotisə düşüb. Onun uzaq dirəyin yanına ötürməsi zamanı nəzarətsiz qalan Georgias Kolokudias başla bir neçə metrdən dəqiq zərbə vurub – 1:0. Buraxılan qoldan sonra oyunu bərabərləşdirən “qırmızı-qaralar” üstünlüyə də yiyələnib. Bu da ardıcıl təhlükəli epizodlarla nəticələnib. Əvvəl Cavid Hüseynovun cərimə meydanının xətti yaxınlığında ötürmə verdiyi Sergey Zenyovun zərbəsini qapıçı qaytarıb. Cinahdan ötürmə zamanı qapıçı ilə təkbətək qalan Zərgərov arxası qapıya olduğundan topla yaxşı rəftar edə bilməyib. İlk yarının sonunadək Aleksey Qay və Rəşad Sadiqovun da zərbələri yaddaqalan olub. Qriqorçuk ilk hissə başa çatmamış əvəzləməyə ehtiyac duyub. O, Zərgərovu təcrübəli Dodo ilə əvəzləyib. İlk yarının sonluğu çoxsaylı xırda qayda pozuntuları ilə diqqət çəkib.

İkinci hissə də “Qəbələ”nin hücumlarıyla başlayıb. İlk təhlükə Zenyovdan gəlsə də, futbolçu oyundankənar vəziyyətə düşüb. Antonovun 21 metrdən vurduğu zərbə isə dəqiq alınmayıb. Daha çox hücum edən “qırmızı-qaralar”ın üzvlərindən Sadiqovla Rikardinyonun əlverişli mövqedən zərbələri çərçivəyə düşməyib. Joao Pedronun cərimə zərbəsindən sonra “Apollon” da qola yaxın olub. Freyrenin baş zərbəsi qapının üstündən keçib. “Qəbələ”nin yeni transferi Ermin Zeçin meydana çıxması ilə qonaqların hücumlarının kəsəri daha da artıb. Dodonun ötürməsindən sonra qapıçı ilə üz-üzə qalan bosniya və herseqovinalı çərçivəyə düşməyib. “Qəbələ” bərabərlik qolunu oyuna əlavə olunmuş vaxtda vurub. Cavid cərimə zərbəsindən topu qapıçı meydanına ünvanlayıb. Kiprlilərin Vojislav Stankoviçə qarşı hərəkəti penalti ilə nəticələnib. Hüseynov bu imkandan dəqiq istifadə edərək, “Qəbələ”yə ilk səfər heç-heçəsi qazandırıb – 1:1.

Qoldan sonra hakim oyunu başa vursa da, qısa fasilədən sonra meydana qayıdan komandalar matçını son dəqiqələrini davam etdirib. Bununla da rəqib meydanlarında keçirdiyi əvvəlki 3 oyunda uduzan “Qəbələ” ilk heç-heçəsinə Kiprdə imza atıb.

Qeyd edək ki, “Qəbələ” və “Apollon” arasında cavab oyunu avqustun 6-da keçiriləcək.

UEFA Avropa Liqası
III təsnifat mərhələsi
İlk oyun

“Apollon” (Limassol, Kipr) – “Qəbələ” (Azərbaycan) – 1:1
30 iyul. Saat 22:00. Larnaka. “Antonis Papadopulos” stadionu
Baş hakim: Sergey Boyko (Ukrayna)
Yan xətt hakimləri: Aleksandr Korniyko, Vladimir Volodin (hər ikisi Ukrayna)
Dördüncü hakim: Anatoli Abdula (Ukrayna)
UEFA hakim-inspektoru: Eugen Striqel (Almaniya)
UEFA nümayəndəsi: Ronen Herşko (İsrail)
Sarı vərəqələr: Elizio, 54, Ürfan Abbasov, 62, Nuno Lopes, 69, Rikardinyo,75, Vojislav Stankoviç, 88, Freyre, 90+2
Qollar: Georgias Kolokudias, 14, Cavid Hüseynov, 90+4-pen.
Artırılan vaxt: I hissəyə 1 dəq.; II hissəyə 4 dəq.

“Apollon”

83. Bruno Vale
2. Elizio
4. Freyre
3. Nuno Lopes
14. Ceyme
5. Esteban Saketti
6. Markos Qullon
10. Aleks
(9. Türam, 76)
26. Papulis Fotis
17. Joao Pedro
(28. Marius Stilianu, 89)
29. Georgias Kolokudias
(19. Quye Avraam, 63)

Ehtiyat oyunçular:

23. İsli Xidi
27. Anjelis Anjeli
8. Farli
42. Kristos Viler

Baş məşqçi: Pedro Emanuel

“Qəbələ”

22. Dmitri Bezotosnı
34. Ürfan Abbasov
(21. Arif Daşdəmirov, 85)
3. Vojislav Stankoviç
44. Rafael Santos
20. Rikardinyo
6. Rəşad Sadiqov
66. Samir Zərgərov
(10. Dodo, 36)
9. Sergey Zenyov
19. Aleksey Qay
14. Cavid Hüseynov
69. Aleksey Antonov
(7. Ermin Zeç, 76)

Ehtiyat oyunçular:

1. Andrey Popoviç
8. Məhəmməd Mirzəbəyov
15. Vitali Vernidub
11. Asif Məmmədov

Baş məşqçi: Roman Qriqorçuk

Həmin kateqoriyadan