“Qəbələ” üçün bir oyunda 3 ilk etmək şansı

“Qəbələ”nin Avropa Liqasının qrup mərhələsində debütündə bir sıra maraqlı məqamlar yaşandı. Allsport.az həmin məqamları nəzərinizə çatdırır.

“Qəbələ” də 1 xalla, 0:0-la başladı

“Qəbələ” Azərbaycan klublarının Avropa Liqasının qrup mərhələsindəki tendensiyasını davam etdirib: “qırmızı-qaralar” da ilk oyunda xal qazanıb. Maraqlıdır ki, “Neftçi” və “Qarabağ” kimi bu komanda da debüt matçını qolsuz heç-heçə ilə bitirib. Avropa Liqasının qrup mərhələsində ölkəmizin ilk təmsilçisi “Neftçi” 2012-ci il sentyabrın 20-də Belqradda “Partizan”la, “Qarabağ” isə 2014-cü il sentyabrın 18-də Bakıda “Sent-Etyen”lə matçda eyni nəticəyə imza atmışdı.

Önəmli faktlardan biri də budur ki, “Qəbələ” digər debütantlardan daha yaxşı start götürüb. Belə ki, Almaniyanın “Auqsburq”, Hollandiyanın “Qroningen” və Albaniyanın “Skenderbeu” klubları qrup mərhələsində mübarizəyə məğlubiyyətlə başlayıb. “Belenenseş” (Portuqaliya) ilə “Monako” (Fransa) da “Qəbələ” kimi qrup mərhələsində heç-heçə ilə “siftə” ediblər. “Mitdyulland”la (Danimarka) “Syon” (İsveçrə) isə ilk oyunda 3 xal qazanıb. Yeri gəlmişkən, Roman Qriqorçukun yetirmələri kimi təsnifat mərhələsindən qrupadək irəliləyən “Rusenborq” da ilk turda heç-heçə edib. Norveç təmsilçisinin Fransanın “Sent-Etyen” klubu ilə səfər matçı heç-heçə ilə nəticələnib – 2:2.

Bezotosnıyla “Qəbələ”nin uğurlu seriyaları

“Qəbələ” Avropa Liqasında ardıcıl 3-cü oyundur heç-heçə edir. Maraqlıdır ki, bu nəticələrin hamısı Yunanıstan təmsilçiləri ilə görüşlərdə qeydə alınıb. Komandanın “evdə” keçirdiyi son 2 oyun isə qolsuz bərabərliklə bitib. Ukraynalı qapıçı Dmitri Bezotosnının rekordu davam edir. Belə ki, Avropa Liqasında yalnız “Qəbələ” hələ ki, evdə qol buraxmayıb. Komandanın təkcə öz meydanında deyil, bütün matçlarda “çərçivə”sini məhz Bezotosnı qoruyub. Dmitrinin bu ildən şərəfini qoruduğu “Qəbələ”nin heyətində avrokuboklarda öz meydanında “quru seriyası” artıq 450 dəqiqədir. Bunun 90 dəqiqəsi Qəbələdə, 360 dəqiqəsi Bakıda “Bakcell Arena”da olub.

“Qəbələ”nin Avropa Liqasında rekord göstəricisi isə artıq 6 oyundur məğlub olmamasıdır. Komanda sonuncu dəfə II təsnifat mərhələsində “Çukariçki”ylə birinci oyunda uduzub. İyulun 16-da Belqradda keçirilən matç meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə nəticələnmışdı. “Qırmızı-qaralar” bundan 1 həftə sonra “Çukariçki” yə 2:0 hesabı ilə qalib gələrək mərhələ keçib. Yeri gəlmişkən, 6 oyunluq məğlubiyyətsiz seriya turnirin cari mövsümü üçün rekord sayılır.

Azərbaycan klublarının 1994-cü ildən başlayan avrokuboklar tarixinə nəzər saldıqda isə bu rekordun təkrarlandığını deyə bilərik. Belə ki, “Qarabağ” 2 dəfə məhz Avropa Liqasında – 2010/11 və 2013/14 mövsümündə – ardıcıl 6 oyun uduzmayıb. Maraqlıdır ki, hər 2 halda əlamətdar seriya Almaniya klubları tərəfindən qırılıb və bunlardan birincisini edən “Borussiya” hazırda “Qəbələ”nin rəqibidir. Ancaq komanda Dortmund təmsilçisiylə ilk oyunadək, daha dəqiqi oktyabrın 1-də Rusiyanın “Krasnodar” klubuyla səfərdə üz-üzə gələcək. Deməli, Avropa Liqasında məğlubiyyətsiz seriya, ən azı, həmin vaxtadək, yəni 77 gün davam edə və Krasnodarda yeni rekord yazıla bilər.

1 oyunda 3 ilkə imza atmaq şansı

“Qəbələ” Rusiya səfərində daha 2 ilkə də imza ata bilər. Məsələ ondadır ki, Azərbaycan klubları qitəmiqyaslı turnirlərdə Rusiya təmsilçilərinə nəinki qalib gələ, heç qol da vura bilməyiblər. Ruslarla ilk duel 2004/05 mövsümündə Çempionlar Liqasının II təsnifat mərhələsində Moskva MOİK-iylə olub. O vaxt “Neftçi” ordu klubu ilə evdə heç-heçə oynamış (0:0), səfərdə 0:2 hesabıyla uduzaraq mübarizəni dayandırmışdı. Şimal qonşularımızla ikinci sınağımız isə 2012/13 mövsümünə, Avropa Liqasının qrup mərhələsinə təsadüf edir. O zaman “Neftçi” Kazan “Rubin”inə səfərdə də, evdə də 0:1 hesabıyla uduzmuşdu. Göründüyü kimi, “Qəbələ” ruslara həm ilk qol vuran, həm də ilk qalib gələn Azərbaycan klubu ola bilər.

Həmin kateqoriyadan