“Qəbələ” yoxlama oyununda “Sioni”ni tar-mar edib

İyunun 16-dan Gürcüstanda təlim-məşq toplanışında olan “Qəbələ” hazırlıq çərçivəsində 2-ci yoxlama oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, 4 gün öncə “Dila”nı 2:0 hesabı ilə məğlub edən “qırmızı-qaralar” Bolnisinin “Sioni” klubu ilə üz-üzə gəlib.

“Qırmızı-qaralar” Gürcüstandakı ilk matçda olduğu kimi, bu qarşılaşmada da qalib gəlib. Oyuna fəal başlayan “Qəbələ” matçın taleyini ilk 15 dəqiqədə həll edib. İlk yarıdakı hər iki qola yeni transferlər imza atıb. Görüşün 6-cı dəqiqəsində xorvatiyalı Filip Ozobiç Bolnisi təmsilçisinin qapısına yol tapıb. 9 dəqiqə sonra isə liberiyalı Teo Uiks fərqlənib – 2:0. Fasilədən sonra “Qəbələ” daha 2 dəfə fərqlənə bilib. Əvvəl Rəşad Sadiqov penaltini dəqiq yerinə yetirib, ardınca Ehtiram Şahverdiyev matçda son nöqtəni qoyub – 4:0.

Xatırladaq ki, “Qəbələ” təlim-məşq toplanışında sonuncu oyununu iyunun 26-da keçirəcək. Qriqorçukun yetirmələri bu dəfə də “Sioni” ilə görüşəcək.

Həmin kateqoriyadan