“Qəbələ”nin rəqibi Sloveniyanın dayanıqlı klubu sayılır

Avropa Liqasının ilk üç təsnifat mərhələsini uğurla adlayan “Qəbələ” ardıcıl 2-ci mövsüm pley-offda qüvvəsini sınayacaq. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar” yenidən qrup mərhələsində çıxış etmək uğrunda matçlarda Sloveniyanın “Maribor” klubu ilə görüşəcək.

İki il əvvəl Sloveniyada təlim-məşq toplanışında olan “Qəbələ” bu rəqiblə yoxlama oyununda qüvvəsini sınayıb. Həmin matçda Rafael Santosun qolu “Qəbələ”yə 1:0 hesablı qələbə qazandırmışdı.

“Maribor” eyniadlı şəhəri təmsil edir. Bu klub ev oyunlarını 1952-ci ildə inşa olunan 12 min 702 tamaşaçı tutumuna malik “Lyudski vrt” stadionunda keçirir. 1960-cı il dekabrın 12-də yaradılan klubun tarixi iki hissədən – Yuqoslaviya və müstəqil Sloveniya dönəmlərindən ibarətdi.

Yarandıqdan sonra Sloveniya respublikasının çempionatına qatılan komanda ilk cəhddən 1-ci yeri tutaraq, Yuqoslaviyanın 2-ci liqasında oynamaq hüququ qazanıb. Yüksək liqada debüt isə 1967/1968 mövsümünə təsadüf edib. Ardıcıl 5 il burada çıxış edən “Maribor” 10-cu pillədən yuxarı qalxa bilməyib. Bundan sonra bir daha həmin liqaya qayıtmayan komanda aşağı liqalarda mübarizə aparıb və 1988-ci ilədək, “Branik” şirkəti ilə əməkdaşlığa başlayanadək çətinliklərə sinə gərməli olub. Həmin vaxtdan klubun rəsmi adı “Maribor Branik”ə çevrilib.

Ardıcıl 5 çempionluq qazanan mariborlular ötən mövsüm kuboku başı üzərinə qaldırsa da, əzəli rəqibi “Olimpiya”nın dirçəlişdən sonra qızıl medalları qazanmasına mane ola bilməyib. Çempiondan 6 xal geri qalan bu klub tarixində 5-ci dəfə gümüş mükafatla kifayətlənib.

“Maribor”un avrokuboklarda debütü 1992/1993 mövsümünə təsadüf edib. Kuboklar kubokunda Malta “Hamrun Spartans”ını (4:0, 1:2) mübarizədən kənarlaşdıran komanda Madrid “Atletiko”sunu Maribora gətirə bilib – 0:3, 1:6. 1999/2000 mövsümündə “Genk” və “Lion” kimi klubları məğlub edən sloveniyalılar tarixində ilk dəfə Çempionlar Liqasının qrupuna yüksəlib. Bunadək hər mövsüm ən azı bir mərhələ adlayan “Maribor” böyük uğurunun ardınca 4 il elə ilk səddə ilişib. 2004/2005 mövsümündə də 2 mərhələ keçən komanda daxili yarışlarda uğursuz çıxış edib. Nəticədə 2005/06 mövsümündə Sloveniya tarixində ilk dəfə avrokuboklardan kənar qalıb. Qitəmiqyaslı turnirlərin indiki formatda keçirilməyə başladığı 2009-cu ildən sonra da “Maribor”un çıxışları kifayət qədər uğurlu alınıb. Ardıcıl 2 mövsüm Avropa Liqasının pley-offuna uduzan “bənövşəyilər” 2011/2012, 2012/2013 və 2013/2014 mövsümlərində bu turnirin qrupunda çıxış edib.

3 il öncə qrupdan çıxan mariborluları 1/16 finalda “Sevilya” dayandırıb – 2:2, 1:2. 2014/2015 mövsümündə isə klub tarixində 2-ci dəfə Çempionlar Liqasının qrupunda oynamaq hüququ qazanıb. Lakin bu dəfə də qrupda qalan komanda növbəti mövsüm elə çıxış etdiyi ilk mərhələdə mübarizəni dayandırıb. Cari mövsümdə yarışa II təsnifat mərhələsindən qatılan “Maribor” əvvəl Bolqarıstan “Levski”si (0:0, 1:1), ardınca Şotlandiya “Aberdin”ini (1:0, 1:1) məğlub edib. Ümumilikdə isə “Maribor” indiyədək keçirdiyi 136 avrokubok matçında 49 qələbə qazanıb, 32 heç-heçə edib və 55 dəfə uduzub. 176 qol vuran sloveniyalılar 198-ni buraxıb.

Həmin kateqoriyadan