“Qarabağ” ÇL-də mübarizəni dayandırdı

Bu gün UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin cavab oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən son ölkə çempionu “Qarabağ” da növbəti sınağına çıxıb.

Ağdam klubu mübarizəyə birbaşa ikinci təsnifat mərhələsindən başlayıb. Bölgə təmsilçisinin startdakı rəqibi Çernoqoriya “Rudar”ı idi. “Qarabağ” bu rəqibinə evdə qalib gələ bilməsə də (0:0), səfərdə minimal hesablı üstünlüklə (1:0) mərhələ adlayan tərəf olmuşdu. Bu mərhələdə isə Ağdam klubu daha adlı-sanlı rəqiblə – Şotlandiya “Seltik”i ilə mübarizə aparırdı. Hansı ki, bu komanda İslandiya “Styarnan”ını həm evdə (2:0), həm də səfərdə (4:1) məğlub edərək, mərhələ adlamışdı. Təəssüf ki, elə “Qarabağ” da səfərdə keçirdiyi ilk oyunda bu komandaya 0:1 hesabıyla uduzmuşdu.

Səfərdə uduzması ağdamlıların işini daha da çətinə salmışdı. Amma cavab görüşünün evdə keçirilməsi təmsilçimiz üçün kiçik bir üstünlük sayıla bilərdi. Qurban Qurbanovun komandası azarkeşlərin də dəstəyi sayəsində Bakıdakı qarşılaşmada mərhələ keçə bilərdi. Bunun üçün isə iki cavabsız qolla qalib gəlmək lazım idi. Bu mənada şotlandlardan evdə qol buraxmamaq da böyük əhəmiyyət daşıyırdı. Çünki qol buracağı halda “Qarabağ” mərhələ keçmək üçün 3 top fərqi ilə qalib gəlmək məcburiyyətində qalacaqdı ki, ÇL-in pley-off mərhələsinə vəsiqə əldə etsin.

Təəssüf ki, təmsilçimizin bütün cəhdlərinə baxmayaraq, Şotlandiya nəhənginə qol vurmaq mümkün olmayıb. Nəticədə, qarşılaşma qolsuz başa çatıb. İki oyunun nəticəsinə görə üstün tərəf olan “Seltik” mərhələ keçdiyi halda, “Qarabağ” mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.

Çempionlar Liqası
Üçüncü təsnifat mərhələsi (cavab oyunu)
5 avqust

“Qarabağ” – “Seltik” – 0:0 (0:0)
Sarı vərəqə: S.Yohansen, 63. E.İsaqirre, 88.
Baş hakim: Martin Stromberqsson (İsveç).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun: 0:1

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 9. Reynaldo, 10. Dani Kintana (77. Cavid Tağıyev, 84), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 67. Alharbi Əl-Jadeyui (11. Elvin Məmmədov, 74), 29. Raydell Pupon (22. Əfran İsmayılov, 64).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 32. Elvin Yunuszadə, 6. Vüqar Mustafayev, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.
“Seltik”: 1. Kreyq Qordon, 3. Emilio İsaqirre, 5. Vircil van Deyk, 20. Dedrik Boyata, 23. Mikael Lustiq, 6. Nir Biton, 8. Skott Braun (k), 14. Stüart Armstronq (49. Ceyms Forrest, 84), 16. Qari Makkey Stiven (15. Kris Kommons, 79), 25. Stefan Yohansen, 7. Nadir Çiftçi (9. Ley Qriffits, 68).
Ehtiyat oyunçular: 26. Loqan Beylli, 4. Efe Ambroze, 22. Seydi Yanko, 18. Tom Roqiç.
Baş məşqçi: Ronni Deyla.

Həmin kateqoriyadan