“Qarabağ” “Seltik”ə son anda məğlub oldu

UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycanın qitənin ən nüfuzlu klub turnirindəki təmsilçisi “Qarabağ” da növbəti matçına çıxıb.

Ağdam klubu mübarizəyə birbaşa ikinci təsnifat mərhələsindən başlayıb. Bölgə təmsilçisinin startdakı rəqibi Çernoqoriya “Rudar”ı idi. “Qarabağ” bu rəqibinə evdə qalib gələ bilməsə də (0:0), səfərdə minimal hesablı üstünlüklə (1:0) mərhələ adlayan tərəf olmuşdu. Bu dəfə isə Ağdam klubu daha adlı-sanlı bir rəqiblə – Şotlandiya “Seltik”i ilə mübarizə aparır. Hansı ki, bu komanda İslandiya “Styarnan”ını həm evdə (2:0), həm də səfərdə (4:1) məğlub edərək, mərhələ adlayıb.

Komandamızın “Seltik” səddini keçməsi üçün çox böyük güc sərf etməsi lazım gələcək. İlk matçın səfərdə keçirilməsi komandamız üçün kiçik bir üstünlük sayıla bilər. Qurban Qurbanovun komandası cavab matçından öncə səfərdən sərfəli nəticə ilə dönməyə borcluydu. Yalnız belə olan halda Bakıdakı qarşılaşmada nəyəsə ümid etmək olardı. Təəssüf ki, təmsilçimiz Qlazqoda çox yaxşı mübarizə aparmasına baxmayaraq, sonda meydanı minimal hesablı məğlubiyyətlə tərk etməli oldu. Bu isə cavab görüşündə təmsilçimizin iki top fərqi ilə qalib gəlməyə borclu olduğundan xəbər verir.

Çempionlar Liqası
Üçüncü təsnifat mərhələsi (ilk oyun)
29 iyul

“Seltik” – “Qarabağ” – 1:0 (0:0)
Qol: D.Boyata, 82 (1:0).
Sarı vərəqə: E.İsakirre, 36. V.V.Deyk, 44. A.Aqolli, 62. C.Forrest, 90+2.
Baş hakim: Robert Şörgenhoffer (Avstriya)
Qlazqo. “Seltik Park” Arena.

“Seltik”: 1. Kreyq Qordon, 3. Emilio İsakirre, 5. Vircil van Deyk, 20. Dedrik Boyata, 23. Mikael Lustiq, 6. Nir Biton (9. Ley Qriffits, 69), 8. Skott Braun (k), 14. Stüart Armstronq (49. Ceyms Forrest, 62), 16. Qari Makkey-Stiven, 25. Stefan Yohansen, 7. Nadir Çiftçi (15. Kris Kommons, 80).
Ehtiyat oyunçular: 26. Loqan Beylli, 4. Efe Ambroze, 22. Seydi Yanko, 18. Tom Roqiç.
Baş məşqçi: Ronni Deyla.
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 9. Reynaldo, 10. Dani Kintana (91. Coşqun Diniyev, 82), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 67. Alharbi El-Jadeyui (29. Raydell Pupon, 87), 77. Cavid Tağıyev (11. Elvin Məmmədov, 73).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 19. Azər Salahlı, 32. Elvin Yunuszadə, 6. Vüqar Mustafayev.
Baş məşqçi: Qurban Qurbanov.

Həmin kateqoriyadan