“Qarabağ” “Rudar” səddini keçsə…

Bu gün UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək. Allsport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində atılacaq püşkatmada qitənin ən nüfuzlu klub turnirindəki təmsilçiz – son çempion “Qarabağ”ın da növbəti rəqibi bəlli olacaq.

Düzdür, hələ Ağdam klubu növbəti mərhələyə vəsiqəni təmin etməyib. İkinci təsnifat mərhələsindəki rəqibi “Rudar”la (Çernoqoriya) doğma meydanda qolsuz bərabərliyə razılaşan təmsilçimiz bu komandanı keçsə, növbəti mərhələdə kiminlə qarşılaşacağını məhz bu gün biləcək.

Qeyd edək ki, “Qarabağ” – “Rudar” cütü üçüncü təsnifat mərhələsinin püşkatmasında səpələnməmişlər səbətindədir. Bu isə sözügedən komandaların növbəti mərhələyə adlayacağı halda daha güclü rəqiblə qarşılaşacağından xəbər verir.

Hələlik isə üçüncü təsnifat mərhələsində mübarizə aparacaq klublardan yalnız üçünün adı bəllidir. Bunlar İsveçrənin “Bazel”, Avstriyanın “Zalsburq” və Çex Respublikasının “Viktoriya” komandalarıdır. Növbəti mərhələnin qalan 17 iştirakçısı isə ikinci təsnifat mərhələsinin qalibləri olacaqlar. Onlardan da biri “Qarabağ” olacaq. Birbaşa üçüncü təsnifat mərhələsindən mübarizəyə başlayacaq “Bazel”, “Zalsburq” və “Viktoriya” səpələnmişlər səbətində yer aldığından, məhz “Qarabağ” – “Rudar” cütünün qalibi ilə düşə bilərlər. Qalan 7 potensial rəqibin kimliyinə isə ikinci təsnifat mərhələsinin cavab görüşlərindən sonra aydınlıq gələcək.

Püşkatma mərasimi öncəsi səbətlər aşağıdakı kimidir:

Səpələnmişlər:
“Bazel” (İsveçrə)
“Zalsburq” (Avstiyra)
“Viktoriya” (Çex Respublikası)
“Styaua” (Rumıniya) – “Trençin” (Slovakiya)
“Seltik” (Şotlandiya) – “Styarnan” (İslandiya)
APOEL (Kipr) – “Vardar” (Makedoniya)
BATE (Belarus) – “Dandolk” (İrlandiya)
“Ludoqorets” (Bolqarıstan) – “Milsami” (Moldova)
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Fola” (Lüksemburq)
“Maribor” (Sloveniya) – “Astana” (Qazaxıstan)

Səpələnməmişlər:
“Makkabi” (Təl-Əviv, İsrail) – “Hibernians” (Malta)
“Lex” (Polşa) – Sarayevo (Bosniya və Herseqovina)
“Partizan” (Serbiya) – “Dila” (Gürcüstan)
“Malmö” (İsveç) – “Jalgris” (Litva)
“Qarabağ” (Azərbaycan) – “Rudar” (Çernoqoriya)
HJK (Finlandiya) – “Ventsplis” (Latviya)
“Molde” (Norveç) – “Pünik” (Ermənistan)
“Midtyulland” (Danimarka) – “Linkoln Red İmps” (Cəbəllütariq)
“Videoton” (Macarıstan) – TNS (Uels)
“Şkenderbeu” (Albaniya) – “Kruzeyders” (Şimali İrlandiya)

Püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Həmin kateqoriyadan