“Qarabağ” “Seltik”lə üz-üzə

Bu gün UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunları keçirilir. Allsport.az xəbər verir ki, Azərbaycanın qitənin ən nüfuzlu klub turnirindəki təmsilçisi “Qarabağ” da növbəti matçına çıxır.

Ağdam klubu mübarizəyə birbaşa ikinci təsnifat mərhələsindən başlayıb. Bölgə təmsilçisinin startdakı rəqibi Çernoqoriya “Rudar”ı idi. “Qarabağ” bu rəqibinə evdə qalib gələ bilməsə də (0:0), səfərdə minimal hesablı üstünlüklə (1:0) mərhələ adlayan tərəf olmuşdu. Bu dəfə isə Ağdam klubunu daha adlı-sanlı bir rəqiblə – Şotlandiya “Seltik”i ilə mübarizə gözləyir. Hansı ki, bu komanda İslandiya “Styarnan”ını həm evdə (2:0), həm də səfərdə (4:1) məğlub edərək, mərhələ adlayıb.

Komandamızın “Seltik” səddini keçməsi üçün çox böyük güc sərf etməsi lazım gələcək. İlk matçın səfərdə keçirilməsi komandamız üçün kiçik bir üstünlük sayıla bilər. Qurban Qurbanovun komandası cavab matçından öncə səfərdən sərfəli nəticə ilə dönməyə borcludur. Yalnız belə olan halda Bakıdakı qarşılaşmada nəyəsə ümid etmək olar.

Çempionlar Liqası
Üçüncü təsnifat mərhələsi (ilk oyun)
29 iyul

23:45. “Seltik” – “Qarabağ”
Baş hakim: Robert Şörgenhoffer (Avstriya)
Qlazqo. “Seltik Park” Arena.

Həmin kateqoriyadan