Qurban Qurbanov: “Rudar” çox düzgün müdafiə olundu”

Azərbaycan çempionu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Çernoqoriya “Rudar”ına qarşı keçirdikləri ilk oyunu şərh edib. Allsport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

– “Rudar” çox düzgün müdafiə olundu. İlk oyunda əsas məqsədimiz qol buraxmamaq idi. Səfərdə daha çətin oyun ola bilər. Tam əksinə də ola bilər. Yaxşı qol epizodlarımız oldu. Bilirik ki, bizi səfərdə ciddi rəqib gözləyir.

– “Qarabağ” çoxsaylı standart vəziyyətlərdən istifadə edə bilmədi. Başqa variantlarınız yox idi?
– Çatışmazlıqlar var. Düşünürdüm ki, ilk oyunda bəzi problemlər olacaq. Bir neçə variantdan istifadə etdik, amma alınmadı.

– Rəqibin sizi daha yaxşı analiz etdiyini demək olar?
– Bəli, bunun üçün onlarda daha yaxşı imkan var idi. Komanda şəklində yaxşı müdafiə olundular. Bizim də düşünülmüş hücumlarımız oldu. Lakin rəqib müdafiədə diqqətli idi.

– Oyundan əvvəl bildirmişdiniz ki, rəqibi təhlil edə bilməmisiniz. Bu oyun rəqibi tanımağa bəs etdimi?
– Bəli, artıq hər iki komanda bir-birinə yaxşı bələddir.

– Ötənilki uğurlu çıxışdan sonra “Qarabağ”ın üzərində təzyiq yaranıb. Bunun qarşısını almaq üçün variantarınız var?
– Biz bu işin içindəyik. Bilirik ki, asan rəqib yoxdur. Həmişə məsuliyyətliyik. Təzyiq də normaldır. Biz heç nəyə fikir vermədən irəli baxırıq.

– Bu gün “Qarabağ” uzaqdan zərbələrdən istifadə etmədi.
– Mümkün qədər zərbələr vurmağa çalışdıq. Hər oyunda futbolçularım qapıya uzaqdan 3-4 zərbə vurur. Amma rəqib futbolçular buna da imkan verməməyə çalışırdılar.

– Heyətdə yeni futbolçular var idi. Onlardan razı qaldınızmı?
– Hələ ki, onlardan tam razı deyiləm. İlk hissədə bir qədər anlaşılmazlıqlar oldu. Ancaq ikinci hissədə oyunlarını tapdılar.

– Qara Qarayevi niyə əvəzlədiniz?
– Qara qırmızı vərəqə ala bilərdi. Sarı vərəqəsi var idi. Həm də onun üzərinə çox iş düşür. Düşündüm ki, bir qədər istirahət etsin. Coşqun Diniyevdən də istifadə etməliyik.

Həmin kateqoriyadan