Qurban Qurbanov: “Seltik” oyunun favoritidir”

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Şotlandiyanın “Seltik” klubu ilə qarşılaşacaq Azərbaycan çempionu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyun öncəsi fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, ağdamlıların çalışdırıcısı səfər matçı ərəfəsində bunları söyləyib:

“Seltik” böyük tarixi olan klubdur. Onların gücü hər kəsə bəllidir. Özünəməxsus futbol sərgiləyirlər. Hansısa futbolçunun adını çəkməyim düzgün olmazdı. Yetərincə yüksək keyfiyyətli futbolçuları var. “Seltik” oyunun favoritidir. Amma bu oyunda istənilən nəticə qeydə alına bilər. “Seltik”lilərin “Qarabağ”ı tərifləməsi onların yüksək peşəkarlığından irəli gəlir. Bizim üçün əlbəttə, bu sözləri eşitmək xoşdur. Lakin bu, bizi daha məsuliyyətli olmağa vadar edir. Belə gözəl stadionda, çoxsaylı azarkeş önündə oynamaq maraqlı olacaq. Futbolçularımın hər hansısa təzyiqlə üzləşəcəyinə inanmıram. Onların belə oyunlarda təcrübəsi olduğunu düşünürəm”.

Həmin kateqoriyadan