Roman Qriqorçuk: Rəqibi çox yaxşı təhlil etmişdik

Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda keçirilən MTK (Macarıstan) – “Qəbələ” matçından (1:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, ukraynalı mütəxəssis səfər qələbəsini belə şərh edib:

“MTK ilə oyuna çox ciddi hazırlaşmışdıq. Rəqibi çox yaxşı təhlil etmişdik. Bu oyunda rəqibin ifasında bildiklərimizi gördük. MTK yaxşı komandadır, heyətində fiziki cəhətdən güclü futbolçular var. Bu da dərhal diqqət çəkir. Komandanın əksər oyunçuları texniki cəhətdən də güclüdürlər. Meydanda da rəqibin yaxşı komanda olduğunun təsdiqini gördük.

Oyun elə alındı ki, matçın axarı da, hesabı da fərqli ola bilərdi. Biz rəqibdən daha çox qol vurduğumuz üçün qalib gəldik. Penaltinin qolla nəticələnəcəyi halda necə olacağını bilmərik. Amma deyərdim ki, meydanda ciddi nə isə dəyişməzdi. Düşünürəm ki, cavab oyunu da oxşar tərzdə keçəcək.

Bu matça qədər şanslar 50-nin 50-yə idi. Səfərdə iki qol vursaq da, cavab matçı öncəsi də şanslar təxminən bərabərdir. Çünki rəqibin gücünü real qiymətləndirirəm. Bu komanda çox güclü oynamaq iqtidarındadır və cavab qarşılaşmasında ciddi matç olacaq”.

Həmin kateqoriyadan