Rüfət Dadaşov: Berti Foqts rahat adamdır, çox səliqəli işləyir

Millimizin keçmiş futbolçusu Rüfət Dadaşov Almaniyada müsahibə verib. Allsport.az saytı xəbər verir ki, o, Azərbaycan xatirələrindən danışıb. Fussball.de portalında çalışan həmkarımızla söhbətdə, hücumçu Berti Foqtsun ünvanına xoş söz işlədib:

“Foqts oyunlara böyük diqqət yetirən qədim futbol məktəbinin nümayəndəsidir. O, çox səliqəli işləyir. Eyni zamanda rahat adamdır. Onunla məşqdə hər zaman zarafatlaşıb, şənlənə bilərsiniz. Foqts ilk məşqdən mənimlə maraqlanmağa başladı. Onun vaxtında demək olar ki, millinin bütün oyunlarında iştirak etdim. Bu da mənə inam gətirdi”.

Qol.az-ın məlimatına görə, Rüfət Dadaşov yenidən “ay-ulduzlular”a dəvət almaq ehtimalına da toxunub: “Ümid edirəm ki, tezliklə daha bir fürsət qazanacağam. Öz ölkənin yığmasında çıxış etməkdən yaxşı şey yoxdur. Üzərimdə işləməyə davam etsəm, inanıram ki, hazırkı uğurumu Azərbaycan millisində də təkrarlaya bilərəm”.

Qeyd edək ki, Almaniyanın 4-cü Bundesliqasında “Dinamo”nun şərəfini qoruyan 26 yaşlı forvard, 19 oyunda 20 qolla bombardirlər siyahısına başçılıq edir.

Həmin kateqoriyadan