Serb futbolçular: “Qəbələ”yə azarkeşlik edəcəyik”

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda “Çukariçki” ilə qarşılaşmaq üçün Serbiyaya yollanan “Qəbələ”nin sabiq futbolçuları Branimir Subaşiçlə Milan Antiç “qırmızı-qaralar”ın düşərgəsində olub. Allsport.az xəbər verir ki, serbiyalı futbolçular sabiq komandalarına uğurlar arzulayıb və fikirlərini klub saytına açıqlayıb.

2010/11 mövsümündə “Qəbələ”də çıxış edən Subaşiç komandanın heyətində 21 matçda 2 qol vurub. Azərbaycan millisində də çıxış etmiş hücumçu qarşılaşma haqda bunları danışıb:

“Çox sevinirəm ki, heyətində çıxış etdiyim “Qəbələ”ni Serbiyada görürəm. Sabiq komandamın rəqibi olan “Çukariçki” mənim yaşadığım evə ən yaxın yerləşən klubdur. Bu komanda son illərdə yüksəlib. “Çukariçki” heç də pis oynamır. İmkanlarına, təşkilati məsələlərə görə Serbiyanın 2-ci, 3-cü komandasıdır. Azərbaycanda çempionat avqustun əvvəlində başlayır. Serbiyada isə yarış bu həftə start götürəcək. Bu üzdən “Çukariçki” fiziki cəhətdən daha hazırlıqlı ola bilər. Amma mən “Qəbələ”nin oyununu görmüşəm. Sabiq komandam daha güclüdür. Əsas məsələ ilk oyunda qol buraxmamaq, imkan olsa vurmaqdır. Cavab oyununda “Qəbələ” evdə qalib gəlib mərhələ adlaya bilər. Şansları bərabər sayıram. Oyunda daha çox yaxşı futbola azarkeşlik edəcəyəm. “Qırmızı-qaralar” sabiq komandamdır, “Çukariçki” isə Serbiyanı təmsil edir. Yəqin ki, “Qəbələ”yə daha çox simpatiya bəsləyəcəyəm”.

2009/10 və 2010/11 mövsümlərində “Qəbələ”də çıxış edən Antiç də sabiq komandasına azarkeşlik edəcək. “Qırmızı-qara” formada 58 oyuna 6 qol vuran serbiyalı sabiq klubunun qrup mərhələsində oynayacaq gücdə olduğunu düşünür:

“Bu qarşılaşma mənim üçün çox maraqlı olacaq. Çünki komandaların sisteminə nəzər salsaq, hər iki klub ölkəsinin ən yaxşılarındandır. Hazırda “Çukariçki” “Partizan” və “Srvena Zvezda”dan daha yaxşı vəziyyətdədir. “Qəbələ” ilk oyunda qol vursa, növbəti mərhələyə yüksəlmək şansları böyük olacaq. Mən də daha çox sabiq komandamın mərhələ keçməsini istəyirəm. “Qəbələ”yə azarkeşlik edəcəyəm. Vaxtilə bu komandada çıxış etmişəm. Düşünürəm ki, “Qəbələ” Avropa Liqasının qrup mərhələsinə yüksələ bilər”.

Həmin kateqoriyadan