SOCAR Rumıniya klubunun rəsmi sponsoru oldu

Rumıniyanın “Universitatya Kluj” klubu özünə yeni sponsor tapıb. Allsport.az xəbər verir ki, sözügedən kluba bundan sonra Azərbaycanın SOCAR şirkəti də sponsorluq edəcək. Bu barədə Rumıniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə SOCAR-la klub arasındakı əməkdaşlıqla bağlı müxtəlif məlumatlar verilib, həmçinin “SOCAR Rumıniya”nın baş direktoru Həmzə Kərimovun, eləcə də “Universitatya Kluj”un brend meneceri Mihay Moqanın fikirlərinə yer ayrılıb. Lakin tərəflər arasındakı əməkdaşlığın müddəti barədə məlumat verilməyib.
SOCAR 2011-ci ildən Rumıniya bazarındadır. Şirkət bu ölkədə 60 stansiyada 750 iş yeri yaradıb.
“Universitatya Kluj” klubunun əsası 1919-cu ildə qoyulub. Sözügedən komanda hazırda Rumıniya 2-ci liqasında mübarizə aparır. Cari mövsümdə keçirdiyi 8 oyunda 18 xal toplamış Kluj təmsilçisi, 20 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.

Həmin kateqoriyadan