Son 4 taekvondoçu mübarizəyə başlayır

Bu gün Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda gənc taekvondoçuların Avropa çempionatına yekun vurulacaq.

Allsport.az xəbər verir ki, yarışın son günündə Azərbaycanın 4 təmsilçisi dayanq üzərinə çıxacaq.

Oğlanların 63 kiloqram çəki dərəcəsində çıxış edən Nicat İsmayılzadə öncə çexiyalı Tomaş Neşibanın müqavimətini qırmağa çalışacaq.

Qız taekvondoçularımızdan Sona Ağayeva (46 kq) startda Karlota Rodriqeslə (Andorra), Aysu Məmmədova (49 kq) Danaya Skofiçlə (Sloveniya), Leyla Bəşirova Romi Çamilevski ilə (İsrail) münasibətləri aydınlaşdıracaq.

İdmançılarımızın hamısının ilk döyüşü 1/16 final mərhələsinə təsadüf edəcək.

Əvvəlki 3 gündə mübarizə aparan Azərbaycan təmsilçilərindən 3-ü çıxışını medalla başa vurub. Qızların 42 kq çəki dərəcəsində Zemfira Həsənzadə və oğlanların 51 kq-sında Səyyad Dadaşov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Digər oğlan taekvondoçumuz Pünhan Mürsəlov (45 kq) isə bürünc mükafata sahib çıxıb.

Həmin kateqoriyadan