Statistika “Qəbələ”nin Serbiya klubuna uduzmayacağından xəbər verir

“Qəbələ” bu gün UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində Serbiyanın “Cukaricki” komandası ilə ilk oyuna çıxacaq. Allsport.az klub qəzetinə istinadla xəbər verir ki, Avroliqanın birinci təsnifat mərhələsində Gurcustanın “Dinamo” (Tiflis) klubunu mubarizədən kənarlaşdıran (1:2, 2:0) “qırmızı-qaralar”ın novbəti rəqibi Serbiya cempionatının burunc mukafatcısıdır.

İki oyunun nəticəsinə görə Sloveniyanın “Domjale” komandasından üstün olan serbiyalılar “Qəbələ” kimi ilk mərhələni adlayıb. Səfərdə keçirdiyi ilk qarşılaşmada 1:0 hesablı qələbə qazanan “Çukariçki” öz meydanında qolsuz heç-heçə etsə də, ikinci təsnifat mərhələsinə yüksəlib. “Qəbələ” ilə Serbiya təmsilçisi arasında ilk oyun bu gün, Bakı vaxtilə saat 23:30-da, “Çukariçki”nin stadionunda olacaq. Matç “İdman Azərbaycan” kanalında canlı yayımlanacaq. Cavab qarşılaşması isə iyulun 23-də baş tutacaq.

Bu, “Qəbələ”nin avrokuboklarda 5-ci matçıdır. Komandamızın ötən mövsüm qitəmiqyaslı turnirdə debütü də Avropa Liqasında baş tutmuşdu. Onda mübarizəni birinci təsnifat mərhələsində dayandıran “qırmızı-qaralar” “Şiroki Briyeq” klubuna evdə 0:2, səfərdə 0:3 hesabı ilə məğlub olmuşdu. Bu komandanın Bosniya və Herseqovinanı təmsil etdiyini nəzərə alsaq, “Qəbələ” keçmiş Yuqoslaviyaya 2-ci dəfə səfər edəcək.

UEFA “Qəbələ”nin səfər oyununu idarə etməyi Radu Marian Petreskunun başçılıq etdiyi rumıniyalı hakimlər briqadasına həvalə edib. Baş hakimə Mihai Ovidiu Artene, Vladimir Urzika və Marcel Birsan yardımçı olacaqlar. Oyunun hakim-inspektoru albaniyalı Plarent Kotherja, UEFA nümayəndəsi portuqaliyalı Jose Guilherme Aguiardır.

33 yaşlı Petresku artıq 3 ildir FİFA referisi dərəcəsini daşıyır. O, indiyədək Azərbaycan klublarının və millimizin oyunlarını idarə etməyib. Petresku avrokuboklarda 3 matçda baş hakim olub. Bunlardan 1-i Çempionlar Liqası, 2-si Avropa Liqası matçıdır. Həmin oyunların 2-nin qolsuz bərabərliklə, 1-nin isə qonaqların 1:0 hesablı qələbəsi ilə nəticələndiyini nəzərə alsaq, statistika “Qəbələ”nin Petreskunun baş hakim olduğu matçda uduzmayacağından xəbər verir.

Həmin kateqoriyadan