Taekvondoçuların açıq birinciliyi keçirilib

Mayın 7-8-də Sumqayıt Olimpiya İdman Komleksində ümummilli lider Heydər Əliyevin 93-cü ildönümünə həsr olunmuş Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin «Gömrükçü» idman klubunun taekvondo üzrə açıq birinciliyi keçirildi. Allsport.az saytı xəbər verir ki, yarışda paytaxt və bölgələri təmsil edən 47 komandadan 505 idmançı qüvvəsini sınadı.

Birincilikdə oğlanlar və qızlar arasında 2002-2004-cü illər təvvəllüdlü yeniyetmələr, eləcə də 2005-2006-cı illər təvəllüdlü uşaqlar tatami üzərində mübarizə apardı.
Mayın 7-də birinciliyin açılış mərasimi keçirildi. Mərasimdən əvvəl Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzi, Azərbaycan Taevondo Federasiyası və Sumqayıt Olimpiya İdman Kompleksinin rəsmi nümayəndə heyəti, ümummilli lider Heydər Əliyevin Sumqayıtın mərəzində ucaldılan abidəsini ziyarət etdilər. Ulu öndərin xatirəsi ehtiramla yad edildi, abidə önünə əklil qoyuldu, tər güllər düzüldü.

Birinciliyin açılış mərasimdə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Dövlət Gömrük Komitəsinin İdman Sağlamlıq Mərkəzinin sədri Xəzər İsayev, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis əvəzi Mübariz Bəşirov, Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Niyaməddin Paşayev iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə Qarabağ uğrunda döyüşlərdə həlak olmuş şəhidlərimizin ruhunu bir dəqiqəli sükutla yad etdilər. Sonra yarışlar açıq elan olundu. Azərbaycan Dövlət himni səsləndirildi. Ardınca yarışlara start verildi.

Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin «Gömrükçü» İdman Klubu iki komandanın tərkibində (Bakı 1 saylı «Gömrükçü»İK, Göyçay 5 saylı «Gömrükçü»İK) 55 taekvondoçu (45 oğlan, 10 qız) ilə təmsil olundu.

Gərgin keçən yarışların yekununa əsasən ümumi komanda hesabında «Gömrükçü»İK birinci oldu. İkinci və üçüncü yerləri isə müvafiq olaraq Təhsil R.İ.M. və Fateh T.K. komandalarının təmsilçiləri tutdular. Yarışın mükafatçılarından başqa fərqlənən ən əzmkar idmançı Tahir Həbibli (Lənkəran T.İ.M),ən texnikalı idmançı İsmayıl İsmayılov (Təhsil R.İ.M),ən gənc idmançı Royal Ağayev (Gömrükçü) və ən yaxşı hakim Aygül Abdullayeva diplom təqdim olundu.

Həmin kateqoriyadan