Tahir Gözəl: “Mən “Qarabağ”a inanıram”

“Qarabağ”ın vitse-prezindeti Tahir Gözəl Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində baş tutan Çernoqoriya “Rudar”ı ilə ilk oyundan (0:0) sonra media mənsublarına oyun haqqında fikirlərini bölüşüb. Allsport.az xəbər verir ki, o, bunları söyləyib:

“Rəqib bu gün nə özü qol vəziyyəti yaratdı, nə də bizə oynamağa imkan verdi. Aydın idi ki, onlar Bakıya heç-heçə üçün gəlmişdilər. Bu istəklərinə də nail oldular. Məncə, “Qarabağ” bu gün pis oynamadı, yaxşı oynadı. İnşallah, diqqətimizi cavab matçına yönəldəcəyik. Futbolda asan rəqib yoxdur. Avrokubok oyunları, doğrudan da, çox çətindir. Məşqçilər heyəti rəqibimizi bir daha təhlil edəcəklər. Mən “Qarabağ”a inanıram. Matçdan sonra paltardəyişmə otağına girərək, futbolçulara ruh yüksəkliyi verdim. Dedim ki, inşallah, səfərdən qələbə ilə qayıdın və qaçqınlarımızı sevindirin. Növbəti həftəni gözləyirəm. Çernoqoriyadakı görüşdə “Rudar” fərqli oyun göstərməlidir. Çünki onlar da mərhələ adlamaq istəyəcəklər. Bu mənada, cavab qarşılaşması daha maraqlı və çətin olacaq. Bu gün 4 oyunçumuz ilk matçına çıxırdı. Əlbəttə ki, bu, onlarda həyəcan yaradırdı. Bununla belə, yaxşı oynadıqlarını düşünürəm. Fikrimcə, oyundan-oyuna daha faydalı olacaqlar. Yeni transferlərimizə bir qədər vaxt vermək lazımdır. Fikir verdinizsə, “Qarabağ” matçboyu rəqibin cərimə meydançasında oldu. Klub rəhbəri kimi deyirəm ki, yeni transferlərimizə inanıram”.

Həmin kateqoriyadan