Tahir Gözəl: “Qarabağ” “Seltik”ə qarşı layiqli şəkildə mübarizə aparacaq

Azərbaycan çempionu “Qarabağ” dünən Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Rudar”ı Çernoqoriyada Reynaldonun vurduğu qolla 1:0 hesabıyla məğlub edərək növbəti mərhələyə yüksəldi. Allsport.az xəbər verir ki, ardıcıl ikinci il Çempionlar Liqasında mərhələ keçən Ağdam klubu bununla ölkə futbolunda ilki bacardı.

“Qarabağ” üçüncü təsnifat mərhələsində dünyaca ünlü “Seltik”lə qarşılaşacaq. “Rudar” üzərində qələbənin Ağdamın işğal tarixinə təsadüf etməsi də “Qarabağ”ın qələbəsinə başqa rəng qatdı. Daim komandanın yanında olan, hər zaman dəstəyini nümayiş etdirən klubun vitse-prezidenti Tahir Gözəl bu önəmli hadisədən danışaraq təəssüratlarını bölüşüb:

– “Qarabağ” Azərbaycan üçün önəmli funksiya daşıyır. İşğal olunmuş torpaqları və Qarabağı heç vaxt unutmuruq. Təbii ki, torpaqlarımızın işğaldan azad olunacağına inanımımız böyükdür. Dövlətimizin həm hərbi, həm də iqtisadi gücü buna qadirdir. Biz buna inanırıq və əminik. Hazırda 1 milyon məcburi köçkünün ümididir “Qarabağ”. Ağdamın işğal günü ərəfəsində “Qarabağ”ın Çempionlar Liqasında qələbə qazanması, mərəhələ adlaması məcburi köçkünlərin qəlbində belə üzücü gündə təsəllidir, ümid işığıdır. Sevinirik ki, “Qarabağ” belə bir məqamda qələbə qazanaraq xalqımızı sevindirə bildi.

– Oyundan təəssüratlarınız necə oldu? “Rudar”la oyunda komandadan məmnun qaldınızmı?
– Təbii ki, komandamın oyununu həyəcanla izlədim. Hələ Bakıdakı ilk oyundan sonra rəqibin müdafiə olunduğunu və Çernoqoriyada “Qarabağ”ın növbəti mərhələyə çıxacağına inandığımı bildirmişdim. Göründüyü kimi, komandamız oyunboyu hücumda oynadı, nəticə qazanmaq üçün əlindən gələnin ən yaxşısını etməyə çalışdı. Komandamızın məzmunlu oyununu Reynaldo vurduğu gözəl qolla tamamladı. Braziliyalı forvard xarakter nümayiş etdirərək nə qədər önəmli oyunçu olduğunu göstərdi. Komandam ən yaxşısını nümayiş etdirərək növbəti mərhələyə yüksəlməyi haqq etdi.

– Qarşıda dünyaca ünlü “Seltik” var…
– Təbii ki, “Seltik” dünyanın ən tanınmış komandalarından biridir. “Seltik”in tarixinə nəzər saldıqda necə böyük komanda olduğunun şahidi oluruq. Son illərdə ölkəsinin dəyişməz çempionudur. Məlum olduğu kimi, ilk oyun Böyük Britaniyada – Şotlandiyada olacaq. Böyük Britaniyaya viza alınması bir qədər çətin prosesdir. Krallığın ölkəmizdəki səfirinə göstərdiyi həssaslığa görə öz təşəkkürümü bildirirəm. Qısa zamanda viza alınması üçün köməyini əsirgəmədi. “Qarabağ” daha bir dünya nəhəngini Bakıya gətirəcək. Təbii ki, mən hər zaman olduğu kimi komandama inanıram. “Qarabağ” “Seltik”ə qarşı layiq olduğu şəkildə mübarizə aparacaq. “Qarabağ”ın uğuru Azərbaycanın uğurudur. “Seltik”lə mübarizə hamımız üçün maraqlı çağırış olacaq. “Qarabağ” hər zaman öz duruşunu qoruyacaq. Nəticə nə olursa olsun, mən komandamın arxasındayam.

Həmin kateqoriyadan