Yalnız qələbə üçün!

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Dinamo” (Tiflis, Gürcüstan) ilə cavab oyununa hazırlaşan “Qəbələ” məşqlərini davam etdirir. Allsport.az xəbər verir ki, iyulun 2-də Gürcüstanda keçirilən ilk qarşılaşmadan sonra iki günlük istirahətə buraxılan “qırmızı-qaralar” ayın 5-dən hazırlıqlarını bərpa edib.

Qəbələ şəhər stadionunda gündə bir dəfə məşq keçən komanda əvəzedici heyətlə yoxlama oyununda da gücünü sınayıb. Roman Qriqorçukun yetirmələri bu gün oyunöncəsi son məşqinə çıxacaq. İyulun 9-da baş tutacaq cavab qarşılaşmasından bir gün əvvəl “Dinamo” da Qəbələ şəhər stadionunda hazırlıq keçəcək. Tiflis təmsilçisi ilə görüş “Qəbələ”nin mövsümdə 2-ci rəsmi matçı olacaq.

Doğma stadionda yeni mövsümün ilk oyununa çıxacaq “qırmızı-qaralar” ötən il debüt etdiyi avrokuboklarda 4-cu qarşılaşmasını keçirəcək. Qəbələdə baş tutacaq 2-ci avrokubok oyununda Azərbaycan klubunu yalnız qələbə qane edir. Ötən həftə Tiflisdəki Boris Payçadze adına “Dinamo Arena”da 1:2 hesabı ilə uduzan “Qəbələ” mərhələ adlamaq üçün qol buraxmadan istənilən hesabla qalib gəlməli, qapısına qol görsə, 2 və ya daha çox top fərqi ilə qələbə qazanmalıdır. Matç Qriqorçukun “Qəbələ”nin baş məşqçisi postunda 20-ci oyunu olacaq. Bunadək o, 16 çempionat, 2 kubok və 1 avrokubok matçında komandanın “sükanı arxası”nda olub.

Görüşü fransalı hakimlər briqadası idarə edəcək. Baş hakim funksiyasını Bordo Universitetinin bədən tərbiyəsi müəllimi, 2015-ci ildən FİFA referisi olan 38 yaşlı Amori Deleru yerinə yetirəcək.

UEFA Avropa Liqası
1-ci təsnifat mərhələsi (cavab oyunu)
9 iyul

21:00. “Qəbələ” – “Dinamo” (Tiflis, Gürcüstan)
İlk oyun – 1:2
Baş hakim: Amori Deleru (Fransa)
Baş hakimin köməkçiləri: Loran Stien, Mişel Ammonye (hər ikisi Fransa)
Ehtiyat hakim: Sebastyan Moreyra (Fransa)
UEFA nümayəndəsi: Leonid Kaloşin (Rusiya)
Hakim-inspektor: Peter Cons (İngiltərə)
Qəbələ. Şəhər stadionu

Həmin kateqoriyadan