Yay paralimpiya oyunlarına hazırlıqları davam etdir.

Martın 21-i Fransanın paytaxtı Parisdə Paris-2024 yay olimpiya və paralimpiya oyunlarının təşkilat komitəsinin ofisində Azərbaycan respublikası milli paralimpiya komitəsi və Paris-2024-ün təşkilat komitəsinin üzvləri arasında görüş keçirilmişdir. Allsport.az xəbər verir ki, görüşdə milli paralimpiya komitəsinin prezidenti, IBSA vitse-prezidenti İlqar Rəhimov, beynəlxalq əlaqələr və marketinq şöbəsinin müdiri Rüfət Hacılı, mətbuat katibi Azər Tapdıqov, Azərbaycanın Fransadakı səfirliyinin nümayəndəsi Alı Xələfli, təşkilat komitəsinin beynəlxalq əlaqələr üzrə rəhbəri Sofi Lorant, Fransa milli paralimpiya komitəsinin idman direktoru Yan Miniyer, Fransa əlil idmançılar federasiyasının vitse-prezidenti Qael Riviyere və milli paralimpiya komitəsinə dəstək göstərəcək azərbaycanlı könüllülər iştirak ediblər.

Milli paralimpiya komitəsinin prezidenti İlqar Rəhimov görüş zamanı ölkəmizdə paralimpiya hərəkatının inkişafı, əldə edilmiş nailiyyətlər və gələcək işlər barədə məlumat verib. Komitə prezidenti bildirib ki, Tokioda keçirilmiş sonuncu yay paralimpiya oyunlarında millimiz 14 qızıl, 1 gümüş və 4 bürünc olmaqla ümumilikdə 19 medal qazanaraq oyunları illik onluqda başa vurmağı bacarmışdır. İ.rəhimov qeyd edib ki, məqsəd Tokioda əldə edilmiş nəticələri ən azı təkararlmaqdır və bunun üçün komitə lazım olan istiqamətdə işlər aparır. Görüşdə bildirilib ki, Azərbaycan milli komandasının Paris-2024-də 8 idman növündə 50 idmançı ilə təmsil olunması gözlənilir.

Eyni zamanda görüşdə beynəlxalq görmə məhdudiyyətli idmançılar federasiyasının vitse-prezidenti İlqar Rəhimov federasiyanın fəaliyyəti barədə məlumat verib, oyunlarda görmə məhdudiyyətli idmançıların iştirakı üçün yaradılacaq şərait barədə də görüş işitirakçıları ilə danışıqlar aparılıb.
Paris-2024 təşkilat komitəsinin beynəlxalq əlaqələr üzrə rəhbəri Sofi Lorant öz növbəsində bildirib ki, Azərbaycan milli paralimpiya komitəsi ilə əlaqələrin genişləndirilməsi hər iki tərəf üçün müsbət hal daşıyır. Onun sözlərinə görə Azərbaycan paralimpiya hərəkatına olduqca böyük tövhə vermişdir və bu təcrübənin digər ölkələrlədə bölüşülməsi olduqca vacibdir.

Fransa milli paralimpiya komitəsinin idman direktoru Jan Miniyer ölkəmizdə paralimpiya hərəkatının inkişafı yüksək qiymətləndirərək qeyd edib ki, Fransa paralimpiya komitəsi Azərbaycan milli paralimpiya komitəsi ilə qarşılıqlı təcrübə mübadiləsini aparmaqda maraqlıdır.
Görüş zamanı təşkilat komitəsinin üzvləri tərəfindən Paris-2024 yay paralimpiya oyunlarına dair təqdimat da nümayiş edilimişdir.

Sonra tərəflər arasında gələcək əməkdaşlıq mövzusunda geniş müzakirələr aparılmışdır.

Həmin kateqoriyadan