Paralimpiyaçılarımımız Paris-2024-ə hazırlaşır

Allsport.az xəbər verir ki, milli paralimpiya komitəsinin təşkilatçılığı, Gənclər və idman nazirliyi, Azərbaycan atıcılıq federasiyasının dəstəyi ilə Bakı atıcılıq mərkəzində güllə atıcılığı üzrə ölkə çempionatı keçirilib.

Çempionatda 6 kişi və 3 qadın olmaqla ümumilikdə 9 idmançı iştirak edib.

Çempionatın açılış mərasimində milli paralimpiya komitəsinin prezidenti İlqar Rəhimov bildirib ki, yarışın keçirilməsində məqsəd milli komandanı formalaşdırmaq və qarşıdan gələn yarışlara hazırlıqdır. İ.Rəhimov qeyd edib ki, Paris 2024 17-ci yay paralimpiya oyunlarında güllə atıcılarımız ölkəmizi layigincə təmsil etməyə iddialıdırlar.

Daha sonra komitə prezidenti gənclər və idman nazirliyi, Azərbaycan atıcılıq federasiyasının rəhbərliyinə göstərilən dəstəyə görə təşəkkürünü bildirib, idmançılara yarışda və qarşıdan gələn Avropa və dünya çempionatlarında uğurlar arzulayıb.

Gənclər və idman nazirliyinin sektor müdiri Sevda Mirzəyeva öz növbəsində güllə atıcılarını mövsümün ilk yarışı münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb.

Hər idmançı 75 dəqiqə davam edən yarışda pnevmatik tapancalardan 10 metr məsafəyə 60 atış edib.

Çempionatın qızıl medalını 563 xal ilə Kamran Zeynalov qazanıb. Aybəniz Babayeva 546 xal ilə “gümüş”, Yelena Taranova 542 xal ilə bürünc medala sahib çıxıb.

Həmin kateqoriyadan