Həndbol üzrə ölkə çempionatının bağlanış mərasimi

Həndbol üzrə növbəti mövsümə yekun vurulub. Allsport.az xəbər verir ki, “AHF arena”da başlanış mərasimində iştirakçılara Azərbaycan həndbol federasiyasının prezidenti Saleh Məmmədovun salamlarını çatdıran vitse-prezident Orxan Abbasov, mövsümün gərgin və maraqlı mübarizə ilə yadda qaldığını qeyd edib. Ölkədə idmana göstərilən yüksək diqqət və qayğıya görə ölkə prezidenti, Milli olimpiya komitəsinin rəhbəri İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib, növbəti mövsümün daha uğurlu və gərgin keçəcəyinə ümidvar olduğunu deyib, idmançılara qarşıdakı yarışlarda da uğurlar arzulayıb.

Dövlət himni səsləndirildikdən sonra mükafatlandırılma mərasimi keçirilib. Əvvəlcə ölkə kubokunun sahibləri – kişilərdən ibarət “Kür” və qadınlardan ibarət “Azəryol” komandalarına kuboklar və AHF-nin mukafatları təqdim olunub. Finala yüksələn kollektivlərin üzvlərinə həmçinin AHF-nin medalları və Azərbaycan Gənclər və İdman Nazirliyinin diplomları verilib.

Ardınca ölkə çempionatının nəticələrinə əsasən fərqlənən komandalar mükafatlandırılıb. Qadınlar arasında Azərbaycan çempionu “Azəryol”un üzvlərinə qızıl, “Qarabağ”a gümüş, “Kür”ə bürünc medallar təqdim olunub.

Kişilərdən ibarət “Kür” komandası isə qızıl medallarına qovuşub. “Bakı” komandası ikinci yerin sahibi kimi gümüş, mövsümü üçüncü yerdə bitirən “Azəryol” isə bürünc medallara sahib çıxıb. Fərqlənən kollektivlərin həndbolçularına AGİN-in diplomları, qalib komandaların üzvlərinə isə həmçinin federasiyanın qiymətli hədiyyələri verilib.

Həmin kateqoriyadan