3 cüdoçumuzun testi pozitiv çıxdı, “Böyük dəbilqə”də iştirak etməyəcəklər

Xəbər verdiyimiz kimi, kişilərdən ibarət milli Tel-Əviv “Böyük dəbilqə”sində iştirak etmək üçün İsrailə yola düşüb. Allsport.az saytı xəbər verir ki, səfərdən öncə Beynəlxalq cüdo federasiyasının müəyyən etdiyi protokola uyğun olaraq, heyət üzvlərinin hamısından PCR testi götürülüb.

Turnirdə iştirakı planlaşdırılan idmançımız Elcan Hacıyevdə testin nəticəsi pozitiv çıxdığı üçün onun adı heyət üzvlərinin siyahısından çıxarılıb. Digər idmançılarımızda testin nəticəsi neqativ olduğu üçün müvafiq sənədlər BCF-in elektron qeydiyyat sistemi üzərindən təşkilatçılara göndərilib və bütün müvafiq prosedurlar yerinə yetirildikdən sonra heyət üzvləri İsrailə yola düşüblər.

BCF-in qaydalarına əsasən, iştirakçılar yarışın keçiriləcəyi yerə çatdıqdan sonra daha bir dəfə test verməlidirlər. Azərbaycan milli yığmasının üzvləri dünən Tel-Əviv şəhərinə çatdıqdan sonra onlardan bütün digər ölkələrin nümayəndələrindən olduğu kimi, yenidən PCR testi götürülüb. Təəssüf ki, Bakıda PCR testi nəticəsi neqativ çıxan iki idmançımız, Rüstəm OrucovMurad Fətiyevdə bu dəfə testin nəticəsi pozitiv çıxıb.

BCF-in qaydalarına əsasən, pozitiv PCR nəticəsi olan heyət üzvləri yarışlara buraxılmır və ayrıca otaqlarda təcrid edilirlər. Hazırda pozitiv PCR nəticəsi olan milli komanda üzvləri İsrail dövlətinin qaydalarına əsasən 5-günlük karantinə alınıblar.

Heyət üzvlərimiz özlərini yaxşı hiss edirlər, sağlamlıqlarında ciddi məsələ yoxdur və daimi həkim nəzarəti altındadırlar. Azərbaycan Cüdo Federasiyası idmançılarımızın müalicəsi üçün bütün lazımi tədbirləri həyata keçirir.

Həmin kateqoriyadan