“Atilla”nın yetirməsi “Böyük dəbilqə”də gümüş medal və 700 xal qazandı

Bu gün İsrailin paytaxtı Təl-Əvivdə cüdoçuların “Böyük dəbilqə” turnirinə start verilib. Allsport.az saytı xəbər verir ki, ilk yarış günündə 3 idmançımız tatami üzərinə çıxıb. Onlardan yalnız biri ümidləri doğruldub.

Ötən il zədə üzündən xeyli çətinlik çəkən Orxan Səfərov, nəhayət sükutu pozub. Özünün bu mövsüm ilk sınağında, “B” qrupunda hər 3 rəqibini ram edib. Yarımfinalda Laşa Nadiradze də onun qarşısında aciz qalıb. Finalda digər gürcüstanlı Laza Marqlevaşviliyə “qızıl vaxtda” uduzub.

Ayın əvvəlində Parisdə keçirilmiş eyni yarışda 60 kq-da baş mükafata sahib çıxan Balabəy Ağayev, bu sınaqda yer aldığı “A”qrupunu qalib başa vurub. Yarımfinalda Gürcüstan əsilli fransalı Luka Mexeidzeyə, 3-cü yer üçün tutaşmada türkiyəli Saleh Ulduza yenilib, 5-ci olub.

Bu çəkidə digər təmsilçimiz Turan Bayramov “D” qrupunda ilk qarşılaşmada sevinsə də, növbəti mübarizədə adı çəkilən qardaş ölkənin cüdoçusuna uduzub.

“Böyük dəbilqə”də ilk yeri tutan 1000, gümüş mükafatçı 700, 3-ci sıraya çıxanlar 500, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 360, 260 əmsal xalı qazanırlar.

Həmin kateqoriyadan