“Atilla”nın yetirməsi, İrəvan fatehi və olimpiya mükafatçısı cüdoçu karyerasını bitirib

Olimpiya mükafatçısı Elmar Qasımov peşəkar idmançı karyerasını bitirməyə qərar verib. Allsport.az saytı xəbər verir ki, o bu barədə ACF-i məlumatlandırıb:

“Cüdo mənim həyatımda mühüm rol oynayıb. Karyeram boyu hər zaman möhtərəm prezident İlham Əliyevin bütün idmançılara olduğu kimi, mən də diqqətini və qayğısını hiss etmişəm və buna görə də ölkə başçısına dərin minnətdarlığımı bildirirəm. Həmçinin, bu yolda məni müşaiyət edən məşqçilərimə – Fərhad Məmmədova, Əli Dəvrişova, Ağayar Axundzadəyə, Hacıağa Hacıəhmədova, Mövlud Mirəliyevə, o cümlədən qazandığım nailiyyətlərdə mənə dəstək olan Azərbaycan cüdo federasiyasına, milli yığmanın tibbi və texniki heyətinə təşəkkürümü bildirirəm. Hazırda hədəflərim başqadır və diqqətimi yeni planlarıma yönəltmək istəyirəm”.

Elmar Qasımov idman karyerası müddətində çoxsaylı uğurlara nail olub. O, 2016-cı il Rio yay olimpiya oyunlarının gümüş medalçısı olmaqla yanaşı, 2009-cu ildə İrəvanda gənclərin Avropa çempionatında qızıl medal qazanıb, onun şərəfinə Ermənistan paytaxtında Azərbaycan himninin səsləndirilib və bayrağımızı qaldırıb. O, dünya çempionatının bürünc və Avropa çempionatının 3-qat mükafatçısıdır. İki dəfə nüfuzlu “dünya ustaları” turnirinin qalibi olub, “Böyük dəbilqə” və qran prilərdə ümumilikdə 18 medal qazanıb.

Həmin kateqoriyadan