Atletika ilə əlaqədar yeni proqramın icrasına start verilib

UK Sport və Britaniya Atletika Federasiyasının dəstəyi ilə Azərbaycan Milli Olipmiya Komitəsi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə yeni – Atletikada Liderlik və Mükəmməllik Proqramı 2017-yə (Ladership and Excellence in Athletics 2017) start verilib. Allsport.az xəbər verir ki, LEAP 2017 Londonun 2017-ci ildə yüngül atletika üzrə ev sahibliyi edəcəyi Dünya Atletika Çempionatının beynəlxalq irs proqramıdır.

Azərbaycan proqramın icrası üçün seçilmiş 10 ölkədən biridir. Seçimin əsas meyarlarından biri 2007-2012-ci illərdə dünyanın 20 ölkəsində həyata keçirilmiş Beynəlxalq İdman Həyəcanı proqramının uğurlu icrası olub. LEAP 2017-nin əsas məqsədi gənclər arasında fiziki aktivliyi və yüngül atletikaya olan marağın artırılması, orta ümumtəhsil və ali məktəblərdə atletikanın dəstəklənməsi və bu idman növü üzrə gənc məşqçilərin yetişdirilməsidir.

LEAP 2017 layihəsinin birinci mərhələsi ötən həftə təlimatçı-məşqçilər üçün təlim kursları təşkil edilib. Təlim kursu Britaniya Atletika Federasiyasının peşəkar təlimçiləri Phil Amos və Stiv Nolan tərəfindən həyata keçirilib. Təlimin əsas məqsədi Azərbaycanın müxtəlif bölgələrindən olan 15 məşqçi və fiziki tərbiyə müəllimi üçün innovativ atletika üzrə təkmilləşdirilmiş məşqlərin, həmçinin müvafiq sahədə gənc təlimatçıların yetişdirməsindən ibarət olub.

Milli Olimpya Komitəsinin vitse-prezidenti, Azərbaycan Atletika Federasiyasının Prezidenti Çingiz Hüseynzadə bildirib ki, bu layihəni həyata keçirməklə biz gənclərimiz arasında atletikaya olan marağı yüksəldir, kütləvi idmanın və gənclərin liderlik bacarıqlarının artırmağa nail oluruq. O LEAP 2017 proqramının uğurlu və davamlı olacağına ümdivar olduğunu qeyd edib.

“Azərbaycanda LEAP 2017 proqramına start verilməsi hamı üçün çox faydalıdır. Biz inanırıq ki, Azərbaycan Atletika Federasiyası və Milli Olimpiya Komitəsi arasında yaranmış əməkdaşlıq nəticəsində Azərbaycan gənclərinin peşəkar atletikaya həvəsi və bu idman növündə iştirakçılıq artacaq. Proqramın icrası üçün göstərdikləri dəstəyə görə bütün tərəfdaşlara, xüsusilə Azərbaycan Atletika Federasiyasına təşəkkürlərimizi bildiririk” – deyə proqram rəhbəri Britaniya Atletika Federasiyasının təmsilçisi Stuart Attvel bildirib.

Həmin kateqoriyadan