Avropa kubokunun açılış mərasimi

Allsport.az xəbər verir ki, Göygöldə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan yeniyetmələr arasında Avropa kubokunun açılış mərasimi keçirilib.

Mərasimin əvvəlində çıxış edən Avropa cüdo birliyinin (ACB) idman komissarı Albert Gmeiner, ACB-nin prezidenti Lazslo Tot adından hər kəsi salamlayıb: “Avropa kuboku turnirinin Göygöldə keçirilməsi tarixi hadisədir.

Azərbaycan cüdo federasiyasının bu təşəbbüsünü biz dəstəkləyirik və turnirin yüksək səviyyədə təşkil olunmasının şahidi olduq. Birinci Göygöl Avropa kubokunu açıq elan etdiyim üçün qürur duyuram.”.

Gənclər və idman nazirliyinin regionlarla iş üzrə sektor müdiri Yaşar Rzayev hər kəsə nazir Fərid Qayıbovun salamını çatdırıb: “Bütün iştirakçılara uğurlar arzulayırıq. İdmançılara demək istəyirəm ki, güclü qalib gəlsin”.

Daha sonra çıxış edən Göygöl icra başçısının müavini Arzu Qocayev qonaqları burada görməyin onlar üçün fəxr olduğunu vurğulayıb: “Qədim tarixə, əsrarəngiz təbiətə malik Göygöldə sizi görməkdən məmnunam. Belə bir yarışın Göygöldə keçirilməsi tarixi hadisədir. Azərbaycan dünyada idman sahəsində güclü ölkə kimi tanınır. Regionlarda belə mötəbər yarışın təşkili uşaqların idmana marağının daha da artmasına kömək olur. Buna görə təşkilatçılara təşəkkürümü bildirirəm”.

Azərbaycan cüdo federasiyasının baş katibi Rəşad Rəsullu idmançılara uğurlar arzulayıb və Avropa cüdo birliyinə göstərdikləri etimada görə təşəkkür etdi: “Bu turnir bizim üçün əlamətdar hadisədir, çünki regionlarda cüdonun təbliğinə böyük önəm veririk. Avropa kubokuda cənab prezident İlham Əliyevin regionlarda idmanın inkişafı verdiyi istiqamətə və tapşırıqlara uyğundur. Əminik ki, tərəfdaşlarımızın dəstəyi ilə bu yarış ölkəmizdə ənənə halını alacaq – Avropanın brend turnirinə çevriləcək”.

İki gün davam edəcək Avropa kubokunda 18 ölkədən 268 idmançı mübarizə aparır.

Həmin kateqoriyadan