Azərbaycan cüdosu çalxalanır: Rəşad Nəbiyev geri çəkildi, Elnur Məmmədli səfərdən yarımçıq döndü

Mehman Əzizovun səbəb göstərilmədən millinin böyük məşqçiliyindən uzaqlaşdırılması və onun yerinə öncə Abdulhaq Rəsullunun təyin olunması idman camiyəsində böyük gərginliyə səbəb olub. Adı 2-ci çəkilən şəxs Azərbaycan cüdo federasiyasının baş katibi Rəşad Rəsullunun əmisi oğludur və o dünən komandaya təqdim olunub. Amma allsport.az saytı bu məsələni qabardandan sonra durum dəyişib. KİV-də yazılanlardan narahat olan ACF rəhbərliyi bu gün xəbər yayaraq, həmin vəzifəyə Rüstəm Alimlinin təyin olunduğunu bildirib. O, yeniyetmələrdən ibarət yığmanın baş məşqçisidir və son dönəmdə uğuru ilə diqqət çəkir. Gənc mütəxəssis aşağı yaş qrupunda da işini davam etdirəcək.

Əldə etdiyimiz bilgiyə görə, duruma federasiyanın prezidenti Rəşad Nəbiyev müdaxilə edib. O hətta Mehman Əzizovla əlaqə saxlayaraq, ondan təmkinli olmağı xahiş edib. Nazirin cüdo camiyəsində hörməti çoxdur. Üstəlik, onun tapşırığına əsasən, 3-5 noyabrda Fransanın Monpelye şəhərində keçiriləcək Avropa çempionatında komandanın başında olan federasiyasının vitse-prezidenti Elnur Məmmədli aranı sakitləşdirmək üçün geri çağırılıb. ACF-dən sızan məlumata görə, cüdo ailəsində gərginliyin və ədavətin əsas yaradıcılarından biri odur. Məsələdən gənclər və idman nazirliyi də xəbərdardır və aidiyyatı dövlət orqanlarında ona qarşı narazılıq var. Fərid Qayıbov hələ səbrli davranır. İdman nazirinin hansı gücdə olmasını olimpiya çempionu yaxşı bilir.

Həmin kateqoriyadan