Azərbaycan cüdosunda tarix yazanlar

Azərbaycan son bir neçə ildə böyük cüdo ölkələri sırasında yerini təsdiqləməyə başlayıb. Milli komandalarımız beynəlxalq mötəbər yarışlarda ötən uğurların təsadüf olmadığını sübut etməyə başlayıblar. Zirvəni fəth etmək nə qədər asandırsa, onu qoruyub saxlamaq bir o qədər çətindir. Pekin-2008 zəfərindən sonra, hər kəsi bir sual düşündürürdü: öncəki rəhbərlik – Füzuli Ələkbərov, Asif ƏsgərovElnur Kələntərlinin dönəmlərində Azərbaycan cüdosunun uğurları ötəri təsadüfdür, yoxsa inkişaf qanunauyğunluğu? 2009-cu ildə Ermənistanda gənclərin Avropa cempionatında 5 cüdoçumuzun fəxri kürsüyə çıxması, Elmar Qasımovun şərəfinə İrəvanda Azərbaycan himninin səsləndirilməsi, eləcə də 2013-cü ildə Braziliyanın Rio-de-Janey­ro şəhərində keçirilmiş dünya çempionatında El­xan Məm­mə­dovun (100 kq) ölkə cüdosu tarixində ilk dəfə baş mükafata sahib çıxması bütün suallara cavab verdi. Ümumən, bu komanda çox iş gördü, həmin dövrdə millinin başında dayanan Ağayar Axundzadə böyük məşqçilik məktəbi yaratdı. Amma hiss olunurdu ki, köklü dəyişikliyə, yeni qana ehtiyac var.

2015-cı ilin payızında ölkə cüdosu böyük sınaq qarşısındaydı. ACF-ə yeni rəhbərlik gəlmişdi. Onlar çətin məsuliyyət altına girmişdilər, çünki qapını Rio olimpiadası döyürdü. Okeanın o tayındakı nəticə yenilərin ayağına yazılacaqdı. Bir sözlə, Rövnəq AbdullayevSadıq Sadıqovun dönəmində, Rio-2016 yay olimpiya oyunlarında qazanılan 2 gümüş medal, bu mənada, özünütəsdiq idi. Çünki zirvəni fəth etmək nə qədər asandırsa, onu qoruyub saxlamaq bir o qədər müşküldür. Ümumiyyətlə, hər bir müvəffəqiyyət özündə uğursuzluq toxumu gizlədir. Geri qalmamaq, sürətli inkişaf üçün vahid ailə fəaliyyətini davam etdirib, verilən qərarların obyektiv reallığını görmək, məqsədyönlü çalışmaq lazımdır. Necə ki, barələrində danışdığım şəxslər bunları edirlər.

2016-cı ilin uğuru tək olimpiya medalları deyildi. Ona qədər Tatarıstan paytaxtı Qazanda keçirilmiş Avropa çempionatında 1-ci dəfə komanda yarışda fəxri kürsüyə çıxdıq. Varşavada (2017), Minskdə (2019) və Praqada (2020) təşkil olunan eyni yarışda 5 cüdoçumuzun fərqlənməsi də ilk hadisəydi. 2017-ci ildə Budapeştdə dünya çempionatında qazanılan 4 mükafat rekord sayda idi. Yeniyetmə və gənclərimizin uğurlarının sayı-hesabı isə yoxdur.

ABŞ prezidenti Con Kennedi dövlətin nüfuzunun iki şeylə ölçüldüyünü deyirdi: biri – kosmik raketlər, digəri – olimpiya qızıl medalları. Biz ikinci yoldayıq. Çünki idman ölkə siyasətinin ayrılmaz bir hissəsidir və o da həqiqətdir ki, idman uğurları, rekordları çox vaxt tarixi baxımdan nisbətən qısaömürlü olsalar da, dərhal, qazanıldıqları andan dillərə düşür, sahiblərinin və onların təmsil etdikləri ölkələrin adını dilə-dişə salır, məşhurlaşdırır, cahanda tanıdır. Azərbaycan cüdosu bu yolun ayrılmaz, deyərdim ki, öncül tərkib hissəsidir: hər yerdə, hər bir idman meydanında dövlət himnimiz səslənir, milli bayrağımız qaldırılır, özü də müxtəlif yaş qruplarında. Qazanılan uğurda, ayrı-ayrı dönəmdə ACF-in baş katibləri olmuş Zair Məmmədov, həmkarım Elnur CamalxanovElmar Babanlının (hazırkı) da əməyi danılmazdır.

Söz yox ki, maddi-texniki bazanın möhkəmləndirilib-gücləndirilməsi sayəsində ölkədə hər bir sahədə inkişaf da bir həqiqətə çevrilir. Ölkə başçısının qeyd etdiyi kimi bu gün Azərbaycanda «idmanla məşğul olmaq üçün bütün imkanlar, bütün şərait vardır». Hər qələbə cüdo tariximizdə yeni səhifələrlə yer alacaq. Lakin digər idman növlərində olduğu kimi, böyük nailiyyətlərin özünün də, hər 4 ildən bir, başqa və tam fərqli böyük sınaq meydanı var. Bu, olimpiya oyunlarıdır. Odlar yurdunda ənənələri olan bir növün üzərinə isə, bu mənada, böyük yük düşür. Özəlliklə, Pekin-2008-dən sonra. Rio oyunlarında yaşanan 2 final həyacanı bizə nikbin düşünməyə əsas verir. Tokio-2020-yə bir aydan da az vaxt qalsa da, ACF möhürün yerini indidən nizamlayıb: komandamız Azərbaycan cüdo tarixində ilk dəfə “dördilliy”ə kişilərdə tam heyətlə yollanacaq.

Yaponiyada, sözü gedən idman növünün vətənində Kəramət Hüseynov (60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi – 66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (100 kq) və Uşanqi Kokaurinin (+100 kq) mübarizə aparmaq hüququ var. Amma qaydaya əsasən, olimpiadada hər çəkidə yalnız 1 nəfər çıxış edə bilər. Bizdə rəqabərli çəkilərdə son sözü yaxın günlərdə məşqçilər heyəti deyəcək. Ümumən, kişi komandamızda toplam 10 cüdoçunun bu imkana yiyələnməsinin özü də ilkdir, rekorddur.
Qadınlarda Aişə Qurbanlı (48 kq) və İrina Kindzerskanın (+78 kq) timsalında 2 vəsiqənin olması, London-2012 nailiyyətin təkrarlanmasıdır.

Digər tərəfdən, olimpiya uğurları təkcə zəfər anı deyil. Bu, hər ötən dövrün hesabat məqamı, ələlxüsus da cəmiyyətdə oynadığı rola görə həm də milli-mədəni, sosial-məişət dəyərlərinin daşıyıcılarından biri olmaqla, inkişaf səviyyəsinin göstəricisidir. Demək, hər müqayisəli təhlil həm də dövrə verilən qiymətdir və nəticələr sabahımızın əsas dəyər mənbəyidir. Bu nəticələrin imtahan məqamı isə qarşıdakı günlərdə qorunacaq səviyyə ilə ölçüləcəksə, son sözü, əlbəttə ki, iyulun 23-də yetişəcək Tokio oyunları deyəcək.

Kamran HACI

Həmin kateqoriyadan