“Azərbaycana yalnız iş tapa bilməyən əcnəbi məşqçi gələ bilər”

“Neftçi” klubunun sabiq baş məşqçisi Böyükağa Hacıyev azərisport.az saytına müsahibə verib. Allsport.az saytı xəbər verir ki, həmkarımızla söhbətdə 0, milli komandanın Norveçə məğlubiyyətindən danışıb, futbolçuların oyunu barədə fikrini bildirib.

– Azərbaycan millisinin Norveçlə oyunu barədə nə düşünürsüz?
– İlk olaraq qeyd edim ki, millinin oyununda canlanma hiss olunurdu. Foqtsun komandaları adətən müdafiə futbolu oynayırdı. Bu dəfə biz heyət baxımından da yenilik gördük. Hiss olunurdu ki, komanda hücum etməyi də unutmayacaq. Sözsüz, 10 gün ərzində komandanı bütövlükdə dəyişmək mümkün deyil. 90 dəqiqə milli normal futbol sərgilədi. Səhvlərimiz də oldu, sadəcə, hücum etməyi bacarmadıq. Futbolçular qələbə qazanmaq istəyirdi, sadəcə, bacarmadılar. Oyun ərzində iki dəfə rəqib qapısına zərbə vuruldu. Heç bir zərbə çərçivəyə yönəlmədi. Statistika adamı bir qədər narahat edir, 90 dəqiqəyə Norveçi narahat edə bilmiriksə, nəticədən danışmaq düzgün deyil.

– Məğlubiyyətdə baş məşqçi vəzifəsini icra edən Mahmud Qurbanovun nə qədər günahı var?
– Mahmud Azərbaycanın tanınmış futbolçusudu. Gözəl insandı. Amma Foqtsun 6 ilə düzəldə bilmədiyi komandanın sükanı arxasına keçən Mahmuddan 10 gün ərzində nəticə gözləmək düzgün deyil. Eyni zamanda etiraf etmək lazımdı ki, Mahmud məşqçi kimi bir qədər təcrübəsizdi. Onun baş məşqçi kimi özünü göstərməsi üçün vaxt lazımdı. Millidə baş məşqçi işləmək onsuz da çətindi, Mahmud üçün ikiqat çətin ola bilər.

– Heyət baxımından səhvlərin olduğu deyilir. Sizi Qara Qarayevlə Bədavi Hüseynovun ehtiyatda təəccübləndirmədi?
– İlk olaraq deyim ki, Qara bu gün yaxşı formadadı. Onun meydanda olması daha düzgün olardı. İkinci məqam Rəşad Sadıqovla Elvin Yunuszadəni müdafiənin mərkəzində oynatmaqdansa, Sadıqovla Bədavini sınamaq lazım idi. Hər ikisi “Qarabağ”da oynayır. Çox gözəl tandem təşkil edirlər. Fikrimcə, bu qərar daha düzgün olardı. Üstəlik, Cavid İmamverdiyevin 70 dəqiqə meydanda olmasına təəccübləndim. İmamverdiyev ağıllı futbolçudu. Meydandan maksimum nəticə göstərmək istəyir. Lakin bu gün öz klubundan az oynayırsa, onu start heyətdə meydana buraxmaq yanlış qərardı.

– Millinin heyətində hansı futbolçudan razı qaldız?
– Təəssüf ki, heç bir futbolçudan razı qalmadım. Bəziləri nəsə etməyə çalışırdı. Amma əksəriyyət öz oyununu göstərmədi. Burda məşqçinin günahı yoxdu. Sadəcə, onlar hazır deyildilər. Ruslan Abışov tərbiyəli və üzərində çalışan futbolçudu. Amma səhv etmirəmsə, o son zamanlar zədədən əziyyət çəkirdi. Üstəlik, klubunda 90 dəqiqə oynamırdı. Fikrimcə, hazırda Abışov yaxşı formada deyil. Belə olan halda Ruslanı oynatmaq düzgün qərar ola bilməz.

– Qapıçı Kamran Ağayevin ehtiyatda qalması çoxlarını təəccübləndirdi. Sizcə, Səlahət start heyətdə yer almağa hazır idi?
– Bu, məşqçilərin fikridi. Ona görə qarışmaq düzgün olmaz. Ola bilər onlar Səlahətə şans vermək istəyiblər. Düzdü, Kamranın böyük təcrübəsi var. Səlahətin qapıda dayanması bir qədər riskli idi. Lakin məşqçilər korpusu sübut edə bilər ki, hər bir futbolçunun alternativi var. Digər tərəfdən Kamran ölkənin ən güclü qapıçılarından olsa da, son çempionat oyunlarında buraxdığı səhvləri unutmaq olmaz.

– Milli ardıcıl 4 matçda məğlub oldu. Bu vəziyyətdən necə çıxmaq olar?
– Norveçi futbol dünyasında güclü komanda kimi tanımırlar. İndi onlarda yeni heyət formalaşır. Bu komandayla Bakıda qələbəyə oynamaq və nəticə əldə etmək mümkün idi. Sadəcə, alınmadı. Problem həm də Foqtsun fəlsəfəsinin hələ komandada qalmasıdı. Bu fəlsəfəni millidən çıxarmağa zaman lazımdı. 4 oyundan sonra aktivimizdə xalın olmaması yaxşı hal deyil. Azarkeşlər stadiona oyuna və nəticəyə görə gəlir. Bu mənada milli onları sevindirmir. Ümid edək ki, gələcəkdə yığma düzələcək.

– Sizcə, yeni gələcək əcnəbi məşqçi vəziyyəti düzəltməyi bacaracaq?
– Azərbaycan millisinin futbol dünyasında vəziyyəti hamıya məlumdu. 4 oyundan sonra 0 xalımız var. Sizcə, güclü məşqçi indi gəlib yığmamızda işləyəcək? İnanmıram. Məncə, Avropada işi olan mütəxəssis gəlib Azərbaycan yığmasında çalışmaz. Bu halda bizə iş tapa bilməyən əcnəbi məşqçi gələ bilər. Bu isə vəziyyətdən çıxış yolu tapmaq demək deyil. Mən inanmıram ki, güclü və özünü göstərmək istəyən məşqçi millimizdə işləməyə razılıq versin. Səbəb sadədi, o Azərbaycan millisində imicini zərbə altına qoyur.

Həmin kateqoriyadan