Bakı çempionatının təntənəli açılışı oldu

Yanvarın 21-də Respublika olimpiya mərkəzində atletika üzrə Bakı çempionatı və birinciliyinə start verildi. Allsport.az saytı xəbər verir ki, rəqabət 60, 200, 400, 800, 1500 və 3000 metr məsafələrə qaçışda, 4×200 metr məsafədə estafet, uzunluğa, hündürlüyə və üçtəkanla tullanma, eləcə də nüvə itələmədə aparılır.

Çempionatın açılış mərasimində çıxış edən AAF-in vitse-prezidenti Firat Hüseynov, ölkəmizin dünyada idman dövləti kimi tanındığını diqqətə çatdırıb. O, Azərbaycanda idmanın digər növləri kimi, atletikanın da sürətlə inkişaf etdiyini bildirib, bu baxımdan belə turnirlərin əhəmiyyətini vurğulayıb.

Paytaxt çempionatında atletlərin göstərdikləri nəticələrin gələcəkdə onların beynəlxalq yarışlarda iştirakına imkan yaradacağını deyən Bakı şəhər gənclər və idman baş idarəsinin rəisi Raqif Abbasov, idmançılara uğurlar arzulayıb.

Gənclər və idman nazirinin müavini Mariana Vasileva Azərbaycanda idmanın sürətli inkişafına dövlətin diqqət və qayğısından danışıb, çoxsaylı yerli və beynəlxalq turnirlərin təşkil olunduğunu bildirib, sonra yarışı açıq elan edib.

Ümumilikdə 150 idmançının qatıldığı çempionat 2 gün davam edəcək. Çempionatda 8 komanda mübarizə aparır.

Həmin kateqoriyadan