Bakıda uşaq paralimpiya oyunları keçirildi

Bu gün Azərbaycanda sayca beşinci uşaq paralimpiya oyunları keçirilib. Allsport.az xəbər verir ki, Abşeron olimpiya idman kompleksində baş tutan yarışlarda 7 idman növü üzrə (para cüdo, para taekvondo, üzgüçülük, boccia, qolbol, para pauerliftinq, stolüstü tennis) ölkənin bütün regionlarından 200-ə yaxın paralimpiyaçı uşaq mübarizə aparıb.

Tədbirin açılış mərasimində milli paralimpiya Kkomitəsinin prezidenti İlqar Rəhimov, vitse-prezident, ikiqat paralimpiya çempionu İlham Zəkiyev, UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Edvard Karvardin, “Azercell Telecom” MMC-nin prezidenti Vahid Mürsəliyev, Belçika krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bert Skufs, BMT-nin Pakistandakı xoşməramlı səfiri Muniba Mazari, beynəlxalq paralimpiya komitəsinin icraiyyə komitəsinin üzvü, Birləşmiş Ərəb Əmirliklərinin paralimpiya komitəsinin prezidenti Məhəmməd Fadel Al Hameli, Böyük Britaniya paralimpiya komitəsinin fəxri vitse-prezidenti Antoni Sainsbari, Moldova paralimpiya komitəsinin prezidenti, paralimpiya çempionu Oleq Kretsul və Belarus paralimpiya komitəsinin prezidenti, 5 qat paralimpiya çempionu Oleq Şepel iştirak ediblər.

Öncə bütün idman növündən olan paralimpiyaçılar zala daxil olublar. Daha sonra Rəsul Zəkiyev və Diana Şahbazova əlil arabasında rəqs tamaşası nümayiş etdiriblər. Türkiyənin “Əlilliyi olan şəxslər üçün Yapon sənətləri və idman növləri” dərnəyinin və Azərbaycanın “Əngəlsiz düşüncə sosial inkişafa yardım” ictimai birliyinin nümayəndələri əlilliyi olan şəxslər üçün aikido fəndləri nümayiş etdiriblər.

Qalib olan idmançılara mükafatlar təqdim olunub.

Həmin kateqoriyadan