Beynəlxalq Cüdo Federasiyası yeni mövsüm üçün təqvimi açıqladı

Beynəlxalq Cüdo Federasiyası (İJF) yeni mövsüm üçün təqvimi birincilər sırasında elan edib. Allsport.az xəbər verir ki, bu mövsümdə Azərbaycan yığması bir sıra iri yarışlarda iştirak edəcək.

Rioda keçiriləcək Olimpiadanın başlanmasına az qalır. Bu o deməkdir ki, prestijli yarışlarda toplanılan reytinq xallarının əhəmiyyəti qat-qat artır. Deməli, bizim atletlər öz ixtisas mövqelərini möhkəmlətməlidirlər, bu isə yalnız qarşıdakı turnirlərdə uğurlu çıxışlar sayəsində mümkündür.

Builki yarışların təqvimində dörd “Böyük dəbilqə” turniri, on Qran-pri və çoxsaylı Dünya kubokları nəzərdə tutulur. Atletlər artıq adət ediblər ki, reytinq yarışları praktiki olaraq planetimizin bütün guşələrində keçirilir. Yeni mövsümdə də komandamız dəfələrlə başqa ölkələrə uçmalı olacaq. Cari ilin təqvimindəki əsas fərqlərdən biri ondan ibarətdir ki, fevralın 20-22-də Düsseldorfda keçiriləcək Qran-pri bu il üçün planlaşdırılan ilk iri turnir olacaq. Məsələ burasındadır ki, ənənəyə görə ilin əvvəlində bütün elita Parisdə keçirilən “Böyük dəbilqə” turnirinə gedir, bu il isə məşhur “Bersi” arenasının yenidən qurulması ilə əlaqədar, həmin yarışlar oktyabr ayına keçirilib.

Azərbaycan yığmasına gəldikdə, bu komandanın prioritetləri aydındır. Aprel ayında Qlazqoda Avropa çempionatı, Azərbaycanda “Böyük dəbilqə” turniri, Bakıda Avropa Oyunları və Astanada (24-30 avqust) Dünya Çempionatı keçiriləcək. İndi əsas məsələ komandanın qüvvələrini bütün turnirlər arasında müntəzəm bölüşdürməkdir. Axı adları çəkilən yarışlardan əlavə bir sıra başqa seçmə startlar da nəzərdə tutulur. Olimpiadaya lisenziyaların reytinq əsasında verildiyini nəzərə alsaq, yığmamızın məşqçilər qərargahı yeni mövsüm üçün bütün strategiyanı hərtərəfli ölçüb-biçməlidir. Hər kateqoriyada 16 ən yaxşı cüdoçunun iştirakı ilə keçirilən “World Masters” turniri bir illik fasilədən sonra yenidən təqvimə daxil edilib. Bu turnirdə vaxtilə Elnur Məmmədli iki dəfə qalib gəlib, Elxan Məmmədov isə bir dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Növbəti turnir mayın axırlarında Mərakeşdə keçiriləcək.

Ənənəyə görə, mövsümün ikinci yarısında bütün iri turnirlər Asiyada keçiriləcək. Cüdoçular Özbəkistanda, Çində və Koreyada Qran-pri yarışlarında qarşılaşacaqlar, mövsümün final akkordu isə dekabrın 4-6-da Tokioda planlaşdırılan “Böyük dəbilqə” turniri olacaq.

Həmin kateqoriyadan