Boccia üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Bakı idman sarayında paralimpiyaçılar arasında boccia idman növü üzrə “Seni Cup” Azərbaycan çempionatının final mərhələsinin açılış mərasimi keçirilib.

Allsport.az xəbər verir ki, yarışın açılış mərasimi boccia idmançılarının paradı ilə başlayıb. Açılış nitqi ilə çıxış edən Azərbaycan milli paralimpiya komitəsinin prezidenti İlqar Rəhimov və “Seni” şirkətinin Mərkəzi Asiya və Qafqaz üzrə əlaqələndiricisi Mixail Kopaç turnir iştirakçılarını salamlayaraq, onlara uğurlar arzulayıblar.

MPK prezidenti İlqar Rəhimov qeyd edib ki, bu yarışda iştirak etmək özü artıq qələbədir:

“Bizim idmançılarımız fiziki məhdudiyyətlərinə, həyatın çətinliklərinə baxmayaraq mübarizə aparırlar və cəmiyyətin tam hüquqlu üzvlərinə çevrilirlər. Milli paralimpiya komitəsi də bu sahədə onlara dəstək göstərir. Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində komitə tərəfindən bu günə qədər bir çox tədbirlər həyata keçirilib. Bunlardan biri də noyabr ayının 13-də keçirilən “Yenilməzlər” tədbiri idi. O tədbir də həyatın çətinliklərinə baxmayaraq uğur qazanan insanların həyatı bədii çalarlarla səhnələşdirilmişdi. Həmin tədbir də Ruhun Zəfəri şüarı altında keçirilirdi”.

Çıxışlardan sonra Azərbaycan dövlət himni səsləndirilib. Himinin ardınca “Qayğı sağlam nəsil naminə” ictimai birliyinin nəzdində olan daun sindiromlu şəxslərin reabiltasiya mərkəzinin “günəş uşaqlar” rəqs qrupunun ifasında “xalqlar dostluğu” tamaşası nümayiş olunub.

Paralimpiyaçı Vüsalə Kərimova və onun tərəf müqabili Fərid Mehdiyevin əlil arabasınnda rəqs performansı tamaşaçıların böyük marağına səbəb olub.

Rəsmi hissədən sonra final mərhələsinin yarışlarına start verilib. Çempionatın final mərhələsində 60-dən çox fiziki məhdudiyyətli idmançı mübarizə aparır. Finalın nəticələrinə uyğun olaraq boccia üzrə Azərbaycan milli komandasının heyəti formalaşacaq.

Həmin kateqoriyadan