“Böyük dəbilqə”nin açılışında nazir Azad Rəhimov iştirak etdi

Bu gün Heydər Əliyev adına İdman Sarayında cüdo üzrə “Böyük dəbilqə” turnirinin açılışı keçirildi. Allsport.az saytı xəbər verir ki, tədbirə iştirakçı ölkələrin bayraqlarının meydana daxil olması ilə start verildi. Mərasimdə ilk çıxış edən gənclər və idman naziri Azad Rəhimov ən nüfuzlu yarışların Azərbaycanda qürur hissi ilə və yüksək səviyyədə keçirildiyini söylədi. O, dövlət başçısı İlham Əliyevin idmana, idmançılara göstərdiyi qayğının böyük uğurlara təkan verdiyini vurğuladı və ölkə prezidentinə minnətdarlığını bildirdi. Nazir öz çıxışının davamında bunları söylədi:

“Azərbaycan idmanının təntənəsi ötən il ilk Avropa Oyunlarının keçirilməsi oldu. Hazırda isə 17 yaşadək futbolçular arasında Avropa çempionatı, velosiped üzrə “Tour d΄ Azerbaidjan” və “Böyük dəbilqə” kimi yarışlarla yanaşı, gələn ay “Forfmula-1” üzrə Avropa Qran-prisi, sentyabrda Ümumdünya Şahmat Olimpiadası və 2017-ci il İslam Həmrəyliyi Oyunları Azərbaycanın qüdrətini nümayiş etdirdi. İnanıram ki, cüdo üzrə “Böyük dəbilqə” turnirində də idmançılarımız uğurlarını davam etdirəcəklər”.

Sonra söz Beynəlxalq Cüdo Federasiyasının rəsmisi Nasir Əl Xamimiyə verildi. O, Bakıda keçirilən “Böyük dəbilqə” turnirində iştirak etməkdən qürur duyduğunu söylədi. Xamimi Azərbaycan Cüdo Federasiyasına və idmançılara uğurlar dilədi. Rəsmi hissənin sonunda Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Böyük dəbilqə” turnirini açıq elan etdi və güclülərin qalib gəlməsini arzuladı.

Daha sonra Azərbaycan Dövlət Himni səsləndirildi və bədii hissə başladı. Bədii hissədə Bakının qədim və müasir görkəmini əks etdirən kompozisiyalar nümayiş etdirildi. Cüdo geyimli rəqqasların rəqsinin xalq artisti Mənsum İbrahimovun ifasında “Qarabağ” şikəstəsinə keçidi azarkeşlərin gurultulu alqışları ilə qarşılandı. Bədii hissə “Natiq” ritm qrupunun çıxışı və müxtəlif rəqs ifaları ilə başa çatdı.

Həmin kateqoriyadan