Bürünc medal qazanan cüdoçularımızın qran-pri barədə təəssuratları

Çin qran-prisinin sonuncu günündə bürünc medal qazanmış cüdoçularımız Ramin Qurbanov, Elmar Qasımov və Elxan Məmmədov yarışdan sonra fikirlərini bölüşüblər. Allsport.az sizi həmin açıqlamalarla tanış edir:

Ramin Qurbanov: “Yarışı komanda olaraq çox yüksək səviyyədə keçirdik. Bunun nəticəsi idi ki, kişilər arasında komanda hesabında 1-ci yeri tutduq. Olimpiadaya lisenziya xarakterli yarış olduğuna görə asan rəqib yox idi. Bütün dünyadan yarışa güclü idmançılar qatılmışdı. Uzun müddət idi ki, lazımlı məşqlər keçirilmirdi. Məncə, son dövrlər medal qazanmamağımın əsas səbəbi də bu idi. Hazırda isə yeni federasiya rəhbərliyinin yaratdığı şəraitin sayəsində və yeni məşqçilərin səyləri nəticəsində medal qazana bildim. Artıq Koreya Qran-prisinin hazırlıqlarına başlamışıq. Dörd gün sonra baş tutacaq turnirə fiziki məşqçimiz Harinin rəhbərliyi altında yüngül yüklü məşqlər keçdikdən sonra kimano ilə məşqləri Piterin başçılığı altında keçəcəyik. Ümumilikdə komandamızda olan uşaqların hər birinin uğur qazanacağına əminəm”.

Elmar Qasımov: “Çox gərgin yarış keçdi. Lisenziyaya görə son yarışların hamısı ağır keçir. Medal qazanacağıma 90% əmin idim. Ancaq zədəli olduğumdan bir qədər şübhələrim var idi. Buna baxmayaraq, sona kimi mübarizə apardım və istəyimə nail oldum. Elə alındı ki, komanda yoldaşım Elxan Məmmədovla üz-üzə gələsi olduq. Elxan bir xəbərdarlıqla qabağa keçdi. Sonra zədə aldım və passiv güləşdiyimə görə daha bir xəbərdarlıq alaraq məğlub oldum. Ayağımın ağrısına görə həmin qarşılaşmada yaxşı güləşə bilmədim. Hazırda da ağrılar hiss edirəm. Ümid edirəm ki, həkimlərimizin səyi nəticəsində gələn yarışa kimi tam hazır olacağam”.

Elxan Məmmədov: “Yarış çox yüksək səviyyədə keçdi. Təşkilatçılıq məsələlərinə də söz ola bilməzdi. Azərbaycan komandası kişilər arasında 1-ci yeri tutdu. Təbii ki, bu da bizim üçün böyük bir uğurdur. Son vaxtlar medal qazanmamağımın əsas səbəbi iki dəfə uzunmüddətli zədəli olmağım idi. Allaha çox şükürlər olsun ki, özümdə güc toplayıb yenidən geri qayıda bildim. Elmarla tatamidə rəqib olsaq da, kənarda qardaş münasibətindəyik. Görüşümüz isə çox çətin keçdi. Qarşıda Koreya Qran-prisi var. Çalışacağıq ki, o yarışda da uğurların davamını gətirək. Əlimizdən gələni edəcəyik ki, orada da qələbələr qazanaq və xalqımızı sevindirək”.

Həmin kateqoriyadan