Canni De Byazi: “Portuqaliya yığmasından qorxmamalıyıq”

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Portuqaliya yığmasına qarşı keçiriləcək oyundan öncə fikirlərini bölüşüb. Allsport.az xəbər verir ki, italiyalı mütəxəssis mətbuat konfransında bunları söyləyib:

“İlk oyunumuz qrupun güclü komandasına qarşı olacaq. Yaxşı, gənc futbolçulardan təşkil olunmuş komandamız var. Hər biri keyfiyyətli, bizim üçün dəyərli oyunçulardır. Daha çox birlikdə oynamalıyıq. Bizə vaxt lazımdır. Rəqib isə daha təcrübəli komandadır.

Məşqlərdə üzərində çalışdıqlarımızı meydanda yerinə yetirməklə ilk xalımızı qazanmağa çalışacağıq. Portuqaliya yığması ilə oyunda onlara boşluq verməməliyik. Onların nəyə qadir olduqlarını bilirik. Oyunda passiv olmamalıyıq, qorxmamalıyıq. Bizim üçün çox çətin imtahan olacaq. Meydanda istədiyimizi reallaşdırsaq, yaxşı oyun nümayiş etdirə bilərik.

Sabah Ronaldonun “evində” oynayacağıq. Taktiki baxımdan maraqlı oyun olacaq. Necə hazırlaşdığımızı sabahkı oyunda görəcəyik”.

Həmin kateqoriyadan