Cüdo camiyəsində kimlər Zülfiyyə Hüseynovanı haqsız olaraq Azad Rəhimovun üstünə qaldırır?

Veteran idmançının daim gənclər və idman nazirinin ünvanına qərəzli ifadələrinin arxasında nə dayanır?

Veteran cüdoçü Zülfiyyə Hüseynova yeniçağ.az-a müsahibə verib. Allsport.az saytı xəbər verir ki, həmkarımımla söhbətdə ünlü idmançı adəti üzrə gileylənib, ona diqqət və qayğının az olduğunu deyib: Sitat: «1995-ci ildə Hərbçilərin olimpiadasında qalib olduğum zaman erməni ordusunun generalı himnimizin sədaları altında birinci yerdə dalğalanan bayrağıma məcburiyyət qarşısında qalıb fərəqət komandasıyla baxmalı olmuşdu. Uzaq tarix deyil. Heç olmasa tarixi araşdırıb baxsınlar ki, kim hərbçilərin olimpiya çempionu olub. Təqaüd məsələmi hələ də həll etməyiblər. Olduğu kimi qalıb».

Sonra o, Azad Rəhimovun ünvanına tənqidi ifadə işlədib, gənclər və idman nazirini fəaliyyətsizlikdə günahlandırıb: «Mən sözü üzə deyirəm. Kiminsə arxasınca danışmağı sevmirəm. Mən bəzi idmançılar kimi deyiləm ki, arxada danışım, qarşılaşanda üzünə gülüm. Mən Azad Rəhimovla üzbəüz gələndə ona sözümü deyirəm. Onu da ora qoyan ölkə başçısıdır. Lazım olanda çıxardacaq, lazım olanda saxlayacaq. Azad Rəhimov gəlib mənim yerimə güləşmir ki… Ümumiyyətlə, cüdomu, güləşimi nəinki nazir, heç kəs mənim əlimdən ala bilməz. Təki hər kəs öz işini normal görsün. Mən hər işimi Allaha həvalə etmişəm: qədərimdə nə yazıbsa, o da olacaq».

Müsahibədə qərəzli və ziddiyətlə məqamlar ortaya çıxıb. Birincisi, 1995-ci ildə gənclər və idman naziri Azad Rəhimov olmayıb. O bu vəzifəni 2006-cı ildən tutur. Onadək heç idmanda olmayıb, 1994-1998-ci illərdə “Ros-İMESKO”nun rəhbəri, 1998-ci ildən nazir olanadək “İtaldizayn”ın baş direktoru olub. İkincisi, hərbçilərlə bağlı yarışa Beynəlxalq Hərbi İdman Şurası (CİZM), yerlərdə müdafiə nazirlikləri baxır. Üçüncüsü, Azad Rəhimov gözəl insan, ədalətli qərarlar verən, işini mükəmməl bilən, həmişə sadə, Vətənini, millətini sevən, daim mətbuatla ünsiyyət qurmağı bacaran və ona dəstək verən şəxs, dövlət rəsmisi kimi tanınır. Onun Azərbaycan bədən tərbiyəsi və idmanı naminə əzmkar, cəfakeş fəaliyyətini bəllidir: bu ölkənin dünyaya səs salan son illərin nəhəng idman tədbirlərinin təşkilində, idmanın akademik səviyyədə inkişafa meyillənməsində, təşkilati işlərin bəhrəsini verməsində əməyini danılmazdır.

Zülfiyyə Hüseynova yeniçağ-ın təqdim etdiyi «cüdo və sambo üzrə 11-qat dünya, 8-qat Avropa çempionu» deyil. Onun cüdoda böyük uğuru heç vaxt olmayıb. Qeyri-olimpiya növü olan samboda şişirdildiyi kimi deyil, 5-qat dünya və 2-qat Avropa çempionudur. Düzdür, ünlü idmançı veteran cüdoçular arasında böyük yarışlarda fərqlənib, amma bu peşəkar səviyyə ilə qarışdırılmamalıdır. Sözü gedən sayta müsahibəsində milli komandada əlaqələndirici kimi fəaliyyət göstərdiyini deyən Zülfiyyə Hüseynova, Azərbaycan Cüdo Federasiyasının yeni rəhbərliyinin şəninə tərif deyib: «Məşqçi yox, kurator kimi fəaliyyət göstərirəm. Baş məşqçilərlə birlikdə işləyirik. Məşqlərin gedişatını izləyirik. Şükürlər olsun ki, komandanı çalışdıranlar da dəyişib. Cüdoya indi normal məşqçilər gəlib. Hətta qadınların millisində də dəyişikliklər oldu. Yəni artıq qadın idmançılarımızdan da uğurlu nəticələr gözləməyə dəyər».

Təqaüd məsələsinə gəlincə, Yay olimpiya oyunlarında mükafatçılar sırasında yer alan idmançılar bunu alırlar. Amma təqaüdü Gənclər İdman Nazirliyi deyil, Milli Olimpiya Komitəsi verir. Bu da əsasən «dördilliy»in ən mötəbər idman bayramı – olimpiya oyunlarına şamil edilir.

Veteran cüdoçu deyir ki, bu mövsüm keçiriləcək yarışlarda da iştirak etməyi planlaşdırır. Əvəllərdə də adı çəkilən sınaqlarda mübarizə aparıb. Sitat: «Yayda ustalar arasında Yunanıstanda Avropa çempionatı, ilin sonunda isə İtaliyada dünya çempionatı olacaq. Mən də hər iki yarışa qatılmağı düşünürəm». Qeyd edim ki, müxtəlif yaş qrupu və dərəcələrdə olan dünya və Avropa çempionatlarına ezamı (səfər xərcləri) birbaşa Gənclər və İdman Nazirliyi edir. Yaxşı, onda Zülfiyyə Hüseynova kimdən və nədən narazıdır? 1995-ci ilə uğuruna görə “Tərəqqi” medalı ilə təltiflənib. Az.wikipedia.org-nin məlumatına görə, o, Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində mayor rütbəli əməkdaşıdır. Yəni, dövlətin qayğısı var. Belədə, Cüdo federasiyasında onun arxasında kimlər dayanıb? Hansı qüvvə onu Azad Rəhimov barəsində qərəzli danışmağa məcbur edir? Məsələni araşdıracağıq.

Kamran HACI

Həmin kateqoriyadan