Cüdo federasiyası ilə yekun vurdu

Respublikamızda digər idman növləri kimi, cüdoya da yüksək səviyyədə dövlət qayğısı göstərilir. Allsport.az xəbər verir ki, ona görə də bu idman növü ölkəmizdə yetərincə inkişaf edib. Elə bunun nəticəsidir ki, müstəqillik dönəmində neçə-neçə cüdoçumuz Olimpiya, dünya və Avropa çempionu adına sahib olub.

2015-ci ilin sentyabr ayında Rövnəq Abdullayev Azərbaycan Cüdo Federasiyasının prezidenti seçildikdən sonra ölkə cüdosunda yeni inkişaf mərhələsi başlayıb. Bu idman növünə göstərilən diqqət daha da artırılıb. Bu müddət ərzində cüdoçularımız bir neçə dəfə müxtəlif ölkələrdə təlim-məşq toplanışında olublar. Çempionatlarda, beynəlxalq turnirlərdə uğurla çıxış ediblər və ölkəmizə medallarla dönüblər. Bu yaxınlarda Bakı İdman Sarayında yeniyetmələr və böyüklər arasında Azərbaycan çempionatı keçirilib. Cüdonun ölkədə daha da kütləviləşməsi məqsədilə təşkil olunan bu yarışlarda paytaxt və bölgələrimizdən 900-ə yaxın idmançı mübarizə aparıb. Bir sözlə, ilin ikinci yarısında daha çox nailiyyət qazanan cüdoçularımız 2015-ci ili çoxsaylı medallarla başa vurublar.

Elə bu gün ilin yekununa dair cüdoçuların bir araya gəldiyi tədbirdə də bütün bu məsələlər ətraflı şəkildə müzakirə olunub, müxtəlif mövzularda təhlillər aparılıb. Növbəti ildə görüləcək işlər, atılacaq addımlar barədə müxtəlif fikirlər səsləndirilib və bu idman növünü daha da inkişaf etdirmək üçün diskusiyalar aparılıb, suallar cavablandırılıb. 2016-cı ilin cüdoçular üçün xüsusi əhəmiyyət daşıyacağından söhbət açılan tədbirdə hədəf kimi Rio de Janeyroda təşkil olunacaq Yay Olimpiya Oyunları göstərilib və cüdoçuların qarşısında bu mötəbər yarışda xalqımızı daha böyük qələbələrlə sevindirmək tapşırığı qoyulub.

Həmin kateqoriyadan