FOTO
Cüdo federasiyası İstanbulda təltif olundu

Dekabrın 4-də Türkiyənin İstanbul şəhərində Avropa cüdo birliyinin (ACB) növbəti konqresi keçirilib.

Allsport.az xəbər verir ki, tədbirdə Azərbaycan cüdo federasiyasını (ACF) vitse-prezident Elnur Məmmədli və baş katib Rəşad Rəsullu təmsil ediblər.

Konqresdə ACB-nin prezidentinin, vitse-prezidentlərinin, baş katibinin, hakimlər üzrə direktorunun, həmçinin baş xəzinədarın hesabatları, o cümlədən 2020-ci il üçün maliyyə hesabatı dinlənilib və təsdiq edilib.

Qəbul edilmiş digər önəmli bir qərar isə ACB-nin hüquqi qeydiyyatının və mərkəzinin Maltadan Avstriyaya keçirilməsi olub.

Konqres zamanı ACF nümayəndələri ACB-nin prezidenti Sergey Soloveyçik, təhsil üzrə vitse-prezidenti Ceyn Bric, marketinq üzrə vitse-prezidenti Otto Naytinqer, hakimlər üzrə direktor Aleksandr Yatskeviç ilə görüşlər keçirərək ACB və ACF arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlıq imkanlarını müzakirə ediblər və iş birliyinin genişləndirilməsi üçün atılacaq növbəti addımları müəyyən ediblər. Eyni zamanda, Konqresdə iştirak edən müxtəlif ölkələrin (Türkiyə, Almaniya, Polşa, Ukrayna, Belarus, Avstriya, Fransa, Yunanıstan, Şimali Makedoniya, İsveçrə, Estoniya və s.) cüdo federasiyaları ilə ikitərəfli görüşlər keçirilərək federasiyalararası əməkdaşlıq potensialı müzakirə edilib.

Konqresin sonunda keçirilən təntənəli mərasim zamanı Tokio-2020 yay olimpiya oyunlarında medal qazanmış Avropa ölkələrinin federasiyaları, o cümlədən Azərbaycan cüdo federasiyası “ACB olimpiya mükafatı – Tokio-2020” ilə mükafatlandırılıb. Mükafat ACF-nin vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədliyə təqdim olunub.

Eyni zamanda, Tokio-2020 yay olimpiya oyunlarında bürünc medal qazanmış xanım cüdoçumuz İrina Kindzerskayaya da ACB-nin eyniadlı mükafatı təqdim olunub və mükafatı onun adından ACF-nin baş katibi Rəşad Rəsullu qəbul edib.

Həmin kateqoriyadan