Cüdoçuların Rio Olimpiadası üçün reytinq siyahısını açıqlanıb

Beynəlxalq Cüdo Federasiyası Olimpiya Oyunlarının reytinq siyahısını açıqlayıb. Allsport.az xəbər verir ki, reytinqə görə, hazırda Azərbaycanın altı cüdoçusu Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarında iştirakını təmin edib. Təsnifata Tbilisidə və Samsunda Qran-pri yarışlarında qalib gəlmiş Elmar Qasımov (100 kq) və Rüstəm Orucov (73 kq) başçılıq edirlər.

Reytinq cədvəlinin dəyişkən olmasında qeyri-adi heç nə yoxdur. Çünki idmançıların bir il və daha əvvəl göstərdikləri nəticələr artıq dəyərdən düşür, yalnız yeni nailiyyətlər nəzərə alınır. Bunu iki il əvvəl dünya çempionatının qalibi olmuş Elxan Məmmədovun nümunəsində görmək olar. Belə ki, o, Olimpiya Oyunlarının reytinq cədvəlində yalnız 34-cü yerlə kifayətlənməli olub. Halbuki onun komanda yoldaşı və qiyabi rəqibi E.Qasımov (660 xal) Qran-pri yarışlarında, habelə Tümendə “Böyük dəbilqə” turnirində silsilə qələbələri sayəsində reytinqin lideri olub. Siyahıda ikinci yeri tutan almaniyalı Karl-Rixard Frey ondan 60 xal geri qalır.

R.Orucov (73 kq) da təsnifatın lideridir. Qran-pri yarışlarında dalbadal iki qələbə qazanan cüdoçu (532 xal) Koreya Xalq Demokratik Respublikasının təmsilçisi Kuk-Xyen Xonqu iki xal qabaqlayır. Müqayisə üçün deyək ki, hazırkı dünya çempionu Riki Nakayya (Yaponiya) hələlik dördüncü yerdədir. O, bütün xallarını (450) mundialda qələbəsi sayəsində qazanıb.

Yarışda 60 kiloqramadək çəki dərəcəsində Rio-de-Janeyroya getməyə iki idmançımız namizəddir. Aydın məsələdir ki, yalnız bir cüdoçumuz gedə bilər. 425 xalla beşinci yerdə qərarlaşan Orxan Səfərovun şansı daha yüksəkdir. Çünki 292 xalı olan İlqar Müşkiyev hələlik 11 yerdədir. Odur ki, hər bir start onun üçün böyük əhəmiyyət daşıyır. Tərlan Kərimovun (15-ci yer, 242 xal) 66 kiloqramadək çəki dərəcəsində Oyunlara ikinci dəfə qatılmaq şansı var. Nicat Şixəlizadə isə 109 xalla siyahıda 42-ci yeri tutub.

Bu arada Məhəmmədəli Mehdiyev 90 kiloqramadək çəki dərəcəsində 20-ci mövqedədir. Yeri gəlmişkən, Azərbaycan Olimpiadada ilk dəfə superağır çəkidə təmsil oluna bilər. Bu çəki dərəcəsində Rio-de-Janeyroya 20-ci yerdə olan Uşangi Kokauri gedəcək.

Həmin kateqoriyadan