Cüdo federasiyası şəxsi məşqçilərin mükafatını ləğv edib. Nazirlərin qərarı burada toqquşur

Azərbaycan cüdo federasiyasının yeni qərəzli rəhbərliyi yarıtmaz fəaliyyəti ilə uzun illər mövcud olan işlək sistemi dağıdır. Qənaət adı altında səfərdə olan idmançıların çıxışlarını başa vurduğu günün gecəsi geri göndərir. Bu da komanda ruhunu öldürür. Əslində isə, əvvəllər olduğu kimi, ezam çərçivəsində cüdoçular digərlərinə görüş zamanı dəstək verməli və məşqdə sparrinq rəqib olmalıdırlar. Onsuz da cüdo yarışları cəmi 3 gün keçirilir. İldə 1 dəfə olan Avropa-dünya çempionatları və birincilikləri adi turnirlərdən bir neçə gün çox çəkir. Rəqid komandalar daim tribunada azarkeş rolunu oynayır. Bizimki isə görüşdən sonra bərpa olmamış yola çıxır.

Son dönəmdə böyüklərdə uğursuz nəticə geniş vüsət alıb. Bu, əsas millidə vəzifə başında olan əcnəbi məşqçilər arasında ədavətin və işi düzgün qurmamalarının nəticəsidir. Onlar çox vaxt məsələyə şərti, həvəskar şəkildə baxır(b)lar. Məhz həmin səbəbdən olimpiya ərəfəsində ustalarda eniş yaşanır. Mütəxəssislərin təhlilinə görə, Paris-2024-də cəmi 1 bürünc medalın qazanılması ehtimalı var. Onlar, dünya çempionatının və mövsümün ən reytinqli yarışı – “Dünya ustaları”nın nəticəsinə əsasən bu qənaətdədirlər.

Son illər yeniyetmələrin uğurlu çıxışı hamını sevindirir. Əldə olunan medallar boldur. Bu, ACF-in öncəki rəhbərliyinin (Rövnəq Abdullayev və Sadıq Sadıqov) apardığı siyasətin nəticəsidir ki, bəhrəsini indikilər görür. Adı çəkilən komandanın dönəmində aşağı yaş qruplarının və veteranların beynəlxalq yarışlara göndərilməsinin sayı xeyli artdı: yeniyetmələr qanadlandılar, daha çox inkişaf etdilər və sabaha inamları ikiqat artdı; ustadlar 2-ci gəncliklərini yaşayaraq ilhamlandılar, milli komandalara kənardan diqqəti artırdılar və kiçik yaşlılarla daha həvəsli çalışmağa başladılar. Bununla yanaşı, infrastruktur xeyli yaxşılaşdı, bölgələrə qayğı çoxaldı, zona yarışları təsis olundu. Uşaq və yeniyetmələr yığmaya ələnə-ələnə düşdülər.

Əldə etdiyimiz bilgiyə görə, yeni rəhbərlik dünya və Avropa çempionatları və birinciliklərində medal qazanan idmançıalrın şəxsi məşqçilərinə mükafatları ləğv edib. Bu, stumulsuzlaşmaya yol açılır. Şəxsi məşqçilər bundan sonra milliyə düşən yetirməsinə əlavə maraq göstərməyəcək, ancaq yarışdan döndükdən sonra hava limanında və ya zalda onunla şəkil çəkdirməklə kifayətlənəcək. Halbuki onlar ikinci valideyn funksiyasını yerinə yetirirlər. Gənclər və idman naziri Fərid Qayıbov mükafatların bərabər (şəxsi məşçi, həkim, masajçı, hakim və s) bölünməsinin tərəfdarıdır. Onun həmkarı Rəşad Nəbiyevin rəhbərlik etdiyi federasiya isə fərqli düşünür.

Bu azmış kimi, yeniyetmələrdən ibarət komandaya legioncu gətirməklə, zəngin cudo məktəbinin milli ənənənisini pozublar. Halbuki dünənə qədər cüdo, bu istiqamətdə öyünüləsi tək-tük idman növlərindən sayılırdı. Tənqid olması deyə, baş katib Rəşad Rəsullu narazı medianı səfərə göndərməklə ələ alır. İdman nazirliyi kimi, onlar da uğursuzluq və zəif nəticədən irəli gələn mənfi yazıları normal qəbul edə bilmirlər. O üzdən, kilidləmə, arzuolunmaz şəxs elan etmə, əngəlləmə və sair bu kimi ölkə konstitusiyasına və media qanunlarına zidd addımlar atırlar…   

Həmin kateqoriyadan