“Cüdo ilə məşğul olduğum üçün heç vaxt peşman olmamışam”

“Mən fəxri kürsüyə qalxdığım anı həmişə xatırlayacağam”. Allsport.az saytı xəbər verir ki, bu sözü Rüstəm Orucov Avropa cüdo birliyinə karyerasını bitirməsi ilə bağlı açıqlamasında deyib. Titullu idmançının bildirdiyinə görə, olimpiya medalını qazandığı gün onun üçün hər zaman əlamətdar olub:

“Unudulmaz illər idi və mən çox şadam ki, cüdonu seçdim və Azərbaycanın Bayrağını böyük arenalarda dalğalandırmaq şərəfinə nail oldum. Ancaq hər səfərin bir sonu var. 8 avqust – olimpiya medalını qazandığım gündür və məhz bu gün böyük idmanla vidalaşıram. Bu illər ərzində mənə dəstək olan hər kəsə ürəkdən təşəkkür edirəm. Sizin sevginizi qazandığım üçün çox şanslıyam. İndi həyatımda yeni səhifə açmağın vaxtıdır”.

Rüstəm Orucov idman karyerasında çoxlu uğurlara yetişib. O, 2016-cı il Rio yay olimpiya oyunlarının gümüş medalçısı olmaqla yanaşı, həmin ildə Avropa çempionu titulunu qazanıb. Ümumilikdə 16 “Böyük dəbilqə” və 12 qran pri mükafatına yiyələnib.

Cüdonun onun həyatında mühüm yeri olduğunu deyən Rüstəm Orucov gənclərlə yaxından işləmək arzusundadır: Cüdo mənə çox şeyi, o cümlədən yaxşı davranmağı və başqalarına hörmət etməyi öyrətdi. Cüdo insana doğru yolu göstərir, ona görə də cüdo ilə məşğul olduğum üçün heç vaxt peşman olmamışam. İndi gələcək nəsil ilk növbədə pis vərdişlərdən uzaq olmalı, yüksək nəticə əldə etməyi qarşısına məqsəd qoymalı və sona qədər mübarizə aparmalıdır”.

Həmin kateqoriyadan