Cüdo yığmamız 5-ci oldu

Bu gün Almaniyanın Potsdam şəhərində 23 yaşadək cüdoçular arasında Avropa çempionatının qarışıq komanda yarışları keçirilib.

Allsport.az xəbər verir ki, qələbə uğrunda 9 ölkənin təmsilçiləri mübarizə aparıblar.

Azərbaycan millisinin heyətində Nəriman Mirzəyev və Qadir Hüseynov (hər ikisi 73 kq), Məhərrəm İmamverdiyev və İsmayıl Zamanov (hər ikisi 90 kq), Ruslan Nəsirli və Kənan Nəsibov (hər ikisi +90 kq), qızlarda isə Aydan Vəliyeva və Fidan Əlizadə (hər ikisi 57 kq), Aytac Qardaşxanlı və Südabə Ağayeva (hər ikisi 70 kq), Nigar Süleymanova və Nərmin Əmirli hər ikisi (+70 kq) yer alıblar.

Azərbaycan yığması mübarizəyə 1/4 finaldan qoşulub. Cüdoçularımız ukraynalı rəqiblərinə 4:1 hesabı ilə gəliblər. Yarımfinalda millimizin rəqibi meydan sahibləri olublar. Qarşılaşma Almaniya idmançılarının 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Bürünc uğrunda görüşə çıxan cüdoçularımız gürcüstanlı həmkarları ilə bacarmayıblar. Yekunda Azərbaycan Avropa çempionatının komanda yarışlarını 5-ci pillədə başa vurub.

Qeyd edək ki, cüdo yığmamız Avropa çempionatında 5 medal qazanıb. Məhəmməd Musayev (60 kq), Aydın Rzayev (66 kq), Nəriman Mirzəyev (73 kq), Məhərrəm İmamverdiyev (90 kq) və Aydan Vəliyeva (52 kq) bürünc medal qazanıblar.

Həmin kateqoriyadan