Cüdoçularımız Avstraliyada 1 gümüş, 2 bürünc medal qazandılar

Avstraliyanın Vullonqonq şəhərində keçirilən cüdo üzrə “Okeaniya kuboku” uğrunda yarışın ilk günü Azərbaycan cüdoçuları üçün uğurlu olub. Allsport.az xəbər verir ki, qadın cüdoçuların yarışında mübarizə aparan Ayşə Qurbanlı yalnız finalda uduzaraq turnirin gümüş medalını qazanıb.

48 kq çəki dərəcəsində yarışan Azərbaycan cüdoçusu Honkonq, ABŞ və İndoneziya idmançılarına qalib gələrək finala çıxıb. Həlledici görüşdə Amerika Birləşmiş Ştatlarının nümayəndəsi Ketilin Boysa məğlub olan Qurbanlı Avstraliyada ikinci yeri tutub.

60 kq çəkidə mübarizə aparan Oruc Vəlizadə və 73 kq çəkidə yarışan Fəqan Quluzadə isə “yaşıl ada”da bürünc medal qazanıblar.

“Okeaniya kuboku” uğrunda mübarizə aparan daha bir qadın cüdoçumuz Xanım Hüseynova bürünc medal uğrunda görüşdə Lüksemburqlu Teylor Kinqə uduzaraq 5-ci yeri tutub.

Digər iki çüdoçumuz – İsmayıl Piriyev və Tərlan Kərimovun çıxışı isə uğursuz alınıb. Qeyd edək ki, Avstraliyada daha 5 cüdoçumuz mübarizəyə qoşulacaq.

Həmin kateqoriyadan